Bakı.Trend:
“Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilən utilizasiya prosesində ötən ilin oktyabr ayından indiyə qədər 2700-ə yaxın nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Təmiz Şəhər” ASC-dən bildirilib.
Qeyd edilib ki, proqram iştirakçılarına nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq, ümumilikdə 2614 təsdiqedici sənəd verilib, onlardan 1528-i üzrə güzəşt və birdəfəlik ödənişlərin edilməsi üçün müraciət olunub:
“Hazırda 118 ədəd yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 278 min manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesabına ödənilib”.
"Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır.