Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018-2025-ci illər ərzində ölkəmizdə 5 böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat olmaqla, 4 milyon nəfəri əhatə edib.
Trend xəbər verir ki, bu sözləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
Onun sözlərinə görə, nəticədə, bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artıb:
"Sosial müavinət və təqaüd ödənişlərinin həcmi isə 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatıb.
Əlavə olaraq, əmək bazarı ilə bağlı görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min və ya 42,4% artıb və bu artımın 90%-i özəl sektorun payına düşüb. Qeyd olunan müddət ərzində əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfəyədək artıb.
"Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir", - deyə nazir əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, digər dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər.