Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 80,6 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 milyon ABŞ dolları və ya 34,6% çoxdur.
Təkcə mart ayında isə Azərbaycandan sözügedən ölkəyə 27,7 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac olunub ki, bu da 2024-cü ilin eyni ayına nisbətən 10,8 milyon ABŞ dolları və ya 63,9% artım deməkdir.
Eyni zamanda ötən ilin yanvar-mart ayları ilə müqayisədə bu il qeyri-neft-qaz ixracının dəyəri Azərbaycandan Türkiyə istiqamətində 11,9% artaraq 134,3 milyon ABŞ dolları, Rusiya istiqamətində isə 3,3% artaraq 232,9 milyon ABŞ dolları təşkil edib.
Hesabat dövründə Azərbaycandan İsveçrəyə 69,6 milyon ABŞ dolları (3,4 dəfə çox), Ukraynaya isə 51,1 milyon ABŞ dolları (2,1 dəfə çox) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 % artaraq 771,9 milyon ABŞ dolları təşkil edib.