Milan. Trend:
Trans-Xəzər marşrutu CAREC regionu ölkələrinin həm region daxilində, həm də xarici tərəfdaşlarla qeyri-enerji ticarətinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir.
Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə departamentinin baş direktoru Yevgeniy Jukov AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən “Trans-Xəzər əlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərinin potensialının açılması” forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Trans-Xəzər marşrutu ilə qeyri-enerji ticarətinin cüzi hissəsi gerçəkləşir.
“2023-cü ildə Mərkəzi Asiyanın qeyri-enerji ticarətinin təxminən üçdə biri Avropa, Aralıq dənizi və digər bazarların payına düşür. Onlara çıxış Gürcüstan və Türkiyənin Qara Dəniz limanları vasitəsilə həyata keçirilir”, -deyə Jukov bildirib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən və Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən Çini Avropa ilə birləşdirən daha uzun dəniz yollarından yan keçən quru yoludur.