...

OPEC-in baş katibi 2050-ci ilə qədər neft bazarının tendensiyalarını açıqlayıb (Özəl müsahibə)

İqtisadiyyat Materials 3 İyun 2025 08:00 (UTC +04:00)
OPEC-in baş katibi 2050-ci ilə qədər neft bazarının tendensiyalarını açıqlayıb (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2050-ci ilə qədər neftə tələbat sutkada 120 milyon bareli keçəcək ki, bu da əhəmiyyətli rəqəmdir.

Bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam əl-Qays Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.

"Bu il 30-cu ildönümünü qeyd edən Bakı Enerji Həftəsində yenidən Bakıda olmaq mənim üçün böyük şərəfdir. Əlbəttə ki, biz bazara hər tərəfdən baxırıq - biz bir ölkəyə və ya mənbəyə diqqət yetirmirik. İlk növbədə, biz hələ də kifayət qədər dayanıqlı olduğuna inandığımız qlobal iqtisadiyyata baxırıq. Bu il bəzi şərtlərə baxmayaraq, iqtisadi artımın 2,9 faiz civarında olacağını gözləyirik. Biz tələb və təklifə də təhlil edirik. Ötən illə müqayisədə bu il tələbatın sutkada təxminən 1,3 milyon barel artacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.

Əl-Qeys vurğulayıb ki, OPEC təklifi qiymətləndirərkən bir çox amilləri nəzərə alır: "Biz OPEC-in və ya Əməkdaşlıq Bəyannaməsinə daxil olmayan ölkələrdən neft tədarükünün artımını təhlil edirik. Bu il belə ölkələrdən tədarükün ötən illə müqayisədə gündəlik təxminən 800 min barel artacağı gözlənilir. Artımın böyük hissəsini ABŞ-nin payına düşməyə davam edir. Xüsusilə, OPEC 2025-ci ildə ABŞ-da neft hasilatının əsasən şist nefti hesabına gündəlik 330 min barel artacağını proqnozlaşdırır. Gördüyümüz çətinliklərə baxmayaraq, ABŞ-da qazma qurğularının sayı azalmaqdadır. Ticarət və tariflərə gəldikdə, biz həmişə bu amillərin həm tələb, həm də təklifə təsirini qiymətləndiririk. Məsələn, xammalın, polad və sementin qiyməti dəyişir ki, bu da bazara təsir edir. Bu proseslər hələ də inkişaf edir və vaxt tələb edir".

Baş katib qeyd edib ki, OPEC mütəmadi olaraq aylıq əsasda əsas bazar parametrlərinə nəzarət edir.

"OPEC-ə daxil olmayan və ya DOC-a daxil olmayan ölkələrdən neft tədarükü müxtəlif mənbələrdən - Braziliya, Kanada, bir sıra Cənubi Amerika və Asiya ölkələrindən gəlir. Bu il biz Çində hasilatın sabit olduğu əvvəlki illərdən fərqli olaraq artımın şahidi oluruq. Ona görə söhbət təkcə ABŞ istehsalından getmir - baxmayaraq ki, o, qlobal tələb və təklif balansının vacib hissəsi olaraq qalır. İyul ayında seminarımızda yenilənmiş World Oil Outlook proqnozunu təqdim edəcəyik. Əsas cəhətlərdən biri praqmatizmdir. Biz müşahidə edirik ki, son 1-2 ildə daha çox insan enerjinin gələcəyi məsələlərinə daha yüksək dərəcədə realizm və sağlam düşüncə ilə yanaşır", - deyə o əlavə edib.

Onun sözlərinə görə, əhalinin 2050-ci ilə qədər 2 milyard nəfər artacağı gözlənilir - artımın böyük hissəsi İƏİT-dən kənarda olan inkişaf etməkdə olan ölkələrdə baş verir - və sürətli urbanizasiya ilə OPEC 2030-cu ilə qədər təxminən 500 milyon insanın yeni şəhərlərə köçməsini gözləyir.

"Siz təsəvvür edə bilərsiniz ki, bu şəhərlərin işıq, qaz, benzin, istilik, kondisionerə nə qədər ehtiyacı olacaq. Biz görürük ki, bu il alternativ enerji mənbələrinə və bərpa olunan enerji mənbələrinə keçidə yönəlmiş bir sıra siyasətlərdə müəyyən qədər geriləmə var. Biz bərpa olunan enerjinin əleyhinə deyilik - əksinə, onun inkişafını dəstəkləyirik. Lakin biz əminik ki, gələcəkdə planetin iqtisadi artımını və enerji tələbatını yalnız bərpa olunan mənbələr hesabına təmin etmək mümkün deyil. Dünya daha realist və praqmatik olmalıdır. Biz OPEC-də enerjinin bütün növlərinə yanaşmanı dəstəkləyirik. Vurğulayıram - bütün növlərinə. Biz külək, günəş enerjisi, hidrogen, eləcə də kömür və qazın inkişafını dəstəkləyirik", - deyə o bildirib.

Baş katibin sözlərinə görə, əsas problem bu və ya digər enerji mənbəyindən istifadə deyil, atmosferə atılan tullantıların azaldılmasıdır.

"Paris sazişinin mahiyyəti bütün mənbələrdən emissiyaların azaldılmasından ibarətdir. Bu səbəbdən OPEC praqmatik və realist yanaşmaya sadiqdir", - deyə o qeyd edib.

Əl-Qays diqqətə çatdırıb ki, bu gün neft və qaz dünya enerji balansının təxminən 55%-ni təşkil edir:

"Əgər kömür əlavə etsəniz, bu, 80 faizdir. Və bu rəqəm 1980-ci illərdən bəri çox dəyişməyib. Son 20 ildə dünya mədən yanacaqlarından keçid üçün təxminən 10 trilyon dollar xərcləyib, lakin bu baş verməyib. Neft, kömür və qaz istehlakı yalnız artır. 2025-ci ilin sonuna qədər neftə tələbatın gündəlik 106 milyon barrelə çatacağını proqnozlaşdırırıq və bu tarixi maksimumdur. 2050-ci ilə qədər isə gündəlik 120 milyon bareli keçəcək. Bu, əhəmiyyətli rəqəmdir. Təkcə neft dünyanın enerji balansının 30 faizini təşkil edir və biz hesab edirik ki, bu səviyyə 2050-ci ildə də belə qalacaq. Ona görə də dünyanın irimiqyaslı investisiyalara ehtiyacı var. Bu əsas siqnalları iyul ayında proqnozumuzda səsləndirməyi planlaşdırırıq", - deyə o bildirib.

Baş katib vurğulayıb ki, OPEC öz proqnozlarında bütün yaranan tendensiyaları nəzərə alır:

"Geosiyasəti, iqtisadi artım templərini, demoqrafik və urbanizasiya meyllərini nəzərə almadan proqnoz vermək olmaz. Biz məlumatları yalnız fundamental nöqteyi-nəzərdən - ideologiyasız, yalnız faktlara və rəqəmlərə əsaslanaraq qiymətləndiririk. Nəhayət, həmişə qazanan təməl əsaslardır. Yaxşı təhlil və araşdırmaya əsaslanan etibarlı proqnoz əsasdır".

Qarşıdan gələn 9-cu OPEC Beynəlxalq Seminarı barədə danışan Əl-Qays qeyd edib ki, bu, təşkilatın iki ildən bir keçirilən flaqman tədbiridir.

"Bu tədbir hər dəfə daha çox uğurlu olur. Bu il seminar iyulun 9-10-da Vyanada keçiriləcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və COP29-un prezidenti Muxtar Babayevin iştirakına şad olarıq. Bundan əlavə, bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Şirkəti SOCAR seminara sponsorluq edəcək. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf də iştirak edəcək.

Proqram çox dolğundur: baş direktorların və beynəlxalq təşkilatların iştirakı ilə üç nazir paneli və yeddi yüksək səviyyəli dəyirmi masa. Artıq OPEC və qeyri-OPEC ölkələrindən, o cümlədən Azərbaycandan mindən çox nümayəndə, eləcə də sənaye nümayəndələri qeydiyyatdan keçib. Planetimizin gələcəyi birlikdə nə qədər yaxşı işləyə biləcəyimizdən və birlikdə düşünə biləcəyimizdən asılıdır - bu, bizim qurduğumuz platformadır. Həmçinin Azərbaycanda fəaliyyət göstərən "Masdar" və ACWA Power kimi bərpa olunan enerji şirkətlərimiz olacaq. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin rəhbəri və dünyanın ən sürətlə artan neft istehlakçısı olan Hindistandan olan nazir də çıxış edəcək. Biz dövlət və özəl sektordan tutmuş sənaye liderlərinə qədər geniş spektrli iştirakçıları bir araya gətirməyə çalışırıq. Biz birlikdə enerjinin gələcəyinə yol açırıq. OPEC həmişə real əsasda dialoqa açıqdır - biz bütün fikirləri alqışlayırıq", - deyə o yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti