Bakı. Trend:
Asiya İnkişaf Bankı Azərbaycanın Orta dəhliz layihəsinin təşviqi ilə bağlı səylərini dəstəkləyir.
Trend xəbər verir ki, bunu AİB-in Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti İnmin Yan Bakı səfəri çərçivəsində Azərbaycanın hökumət nümayəndələri ilə keçirdiyi görüşlərdə bildirib.
“Azərbaycan regional əlaqəliliyin və ticarətin inkişafında mühüm rol oynayır, Asiya və Avropa arasında vacib körpü kimi çıxış edir. AİB Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramında (CAREC) fəal iştirakını alqışlayır və ölkənin Orta Dəhliz və Xəzər Yaşıl Enerji Dəhlizi təşəbbüslərini irəli aparmaq səylərini dəstəkləyir. Son illər AİB özəl sektorun maliyyələşdirilməsi vasitəsilə Azərbaycanda günəş enerjisinin inkişafına da fəal şəkildə sərmayə qoyur", - deyə İnmin Yan qeyd edib.
Görüşlər zamanı vitse-prezident Azərbaycanda iqtisadi artım perspektivlərini müzakirə edərək maliyyə sektoru və kapital bazarının inkişafı, özəl sektorun iştirakının genişləndirilməsi, regional əməkdaşlığın möhkəmləndirilməsi və rəqəmsal keçidə diqqət çəkib. O, həmçinin, energetika, nəqliyyat, su təchizatı və kənd təsərrüfatı sahələrində əsas layihələrin iqtisadiyyatın şaxələndirilməsi və karbohidrogenlərdən asılılığın azaldılması baxımından əhəmiyyətini vurğulayıb.
Azərbaycan 1999-cu ildə AİB-yə qoşulduğu vaxtdan bəri dövlət və özəl sektorları əhatə edən 145 layihə çərçivəsində nəqliyyat, energetika, dövlət sektorunun idarə olunması, səhiyyə, kənd təsərrüfatı və ticarətin maliyyələşdirilməsi sahələrində ümumilikdə 4,4 milyard ABŞ dolları məbləğində maddi dəstək alıb.