Bakı.Trend:
Milli Mətbuatın 150 illik yubileyi və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) 6 aylıq fəaliyyəti ilə bağlı jurnalistlərlə görüş keçirilib.
Trend xəbər verir ki, ABADA-nın baş katibi Kənan Qurbanov media nümayəndələrini təbrik edərək qurumun keçdiyi tarixə nəzər salıb.
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) 30 ildən artıqdır müddətdir ki, fəaliyyət göstərdiyini xatırladan baş katib ABADA-nın fəaliyyətinin əsas prioritet istiqamətlərindən danışıb:
"ABADA-nın əsas prioritet istiqamətləri beynəlxalq avtomobil daşımalarının inkişafına dəstək verilməsi, “Carnet-TIR” Gömrük Konvensiyasının şərtlərininin Azərbaycan Respublikasında yerinə yetirilməsi, beynəlxalq avtomobil daşıyıcılarının maraqlarının və mənafelərinin ölkə daxilində, eyni zamanda xarici ölkələrdə qorunması üçün onlara hər cürə köməklik göstərilməsi təşkil edir".
O bildirib ki, cari ilin 6 ayı ərzində üzvlərin sayı 10% artmış və hazırda 174 hüquqi və fiziki şəxs üzvdür:
"Ulu öndər, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının beynəlxalq əhəmiyyətli nəqliyyat-kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşməsini nəzərə alaraq, bu sahənin yenidən qurulması və modernləşdirilməsini iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirdi".
K.Qurbanov vurğulayıb ki, bu strateji-siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin enerji və nəqliyyat-kommunikasiya layihələrinin gərçəkləşməsi istiqamətində fəaliyyətinin əsas xəttini təşkil edir:
"Dünyada gedən qlobal prosesləri nəzərə alan, cənab İlham Əliyev Azərbaycanın beynəlxalq inteqrasiya prosesində olduqca vacib olan transmilli yükdaşımaların inkişafı üçün, nəqliyyat dəhlizlərinin yaradılması prosesinə xüsusi önəm verərək, “Şərq-Qərb”, “Şimal-Cənub”, TRACECA dəhlizlərini və Trans-Xəzər marşrutunun inkişafı ilə bağlı zəruri Fərmanlar imzaladı.
Azərbaycan Respublikasında nəqliyyat sahəsində həyata keçirilən bu islahatlar nəqliyyatın bütün sahələrini, eyni zamanda avtomobil nəqliyyatı ilə yüklərin daşınması fəaliyyətini də əhatə etmiş, bu sahədə çalışan avtodaşıyıcılarımıza əlverişli şərait yaratmaqla, onların maddi rifah hallarının yüksəlməsinə səbəb olmuşdur".
Baş katib qeyd edib ki, Assosiasiya “Beynəlxalq Yük Daşımaları Kitabçasının (Karnet-TIR) tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının şərtlərini səlahiyyətləri çərçivəsində Azərbaycan ərazisində yerinə yetirilməsini təmin etməklə və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvü olaraq, avtodaşıyıcıları TIR kitabçası ilə təmin edir, eyni zamanda, Türkiyə və Avropa istiqamətində yerinə yetirilən tranzit daşımalara tətbiq edilən T1 təminat sisteminin üzvüdür:
"Son dövrdə Çin Xalq Respublikasından daşınan yüklərin həcmi artığı üçün BYD (TIR-Carnet) kitabçalarından istifadə edən daşıyıcıların da sayı 30% artmışdır. ABADA-nın fəaliyyətinin əsas istiqamətindən biri də beynəlxalq avtomobil daşımaları sahəsində sürücü və operatorların hazırlıq və əlavə hazırlıqlarının təşkili, onlara Peşəkarlıq Səriştəsi Sertifikatının, eyni zamanda təhlükəli yüklərin daşınması üçün sürücülərə aidiyyəti tədrisin keçirilməsi və ADR Sertifikatının verilməsidir".
K.Qurbanov bildirib ki, cari ilin 6 ay ərzində 159 nəfər sürücü, 41 nəfər menecerə SPS Şəhadətnaməsi, 215 nəfər sürücüyə ADR Şəhadətnaməsi verilib:
"Hazırda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanların keçirilməsi müddətinin 3 aydan 1 aya azaldılması və test suallarının sadələşdirilməsi üçün tədbirlər həyata keçirilir. ABADA Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, xarici ölkələrin beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyaları, İRU, Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təçkilatına üzv ölkələrin Assosiasiyaları Federasiyası (BSEC-URTA) Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Assosiasiyalarının Birliyi (OTS-URTA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir".
Baş katibin sözlərinə görə, ABADA ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə işçi qaydada görüşlər keçirilir, avtodaşıyıcıların sərhəd-keçid prosesində rastlaşdıqları problemlər müzakirə olunur, keçidlərin sadələşdirilməsi məqsədi ilə, yeni rəqəmsal texnologiyaların tətbiqi üçün təkliflər verilir:
"Son görüşlərin əsas mövzuları, elektron əmtəə-nəqliyat qaiməsinin (e-CMR) və elektron TIR kitabçalarının (e-TIR) tətbiqi, eyni zamanda Beynəlxalq Yük Daşımaları kitabçasının (BYD) rəqəmsallaşdırılması, eləcə də NGTS platforması üzərindən T1 təminat sənədinin istifadəsi imknlarının araşdırılması, Orta dəhlizin cəlbediciliyi və inkişafı üçün daşıma sənədlərinin elektron tətbiqi və digər təkliflərin müzakirəsi olmuşdur".
"ABADA Azərbaycan Respublikası və Xəzər dənizi regionunda nəqliyyat və logistikanın inkişafı üçün hazırlanan ləyihələrin həyata keçirilməsi istiqamətində təqdim edilən bütün təşəbbüsləri dəstəkləyir, daşıyıcılarımızın fəaliyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirləri bundan sonra da davam etdirəcəkdir, - deyə K.Qurbanov əlavə edib.