Bakı. Trend:
Ermənistan Rusiyadan idxal etdiyi məhsulları yerli məhsullar adı altında digər ölkələrə ixrac edir.
Trend xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov təmsil etdiyi qurumun Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə deyib.
O qeyd edib ki, bu qanunsuz və beynəlxalq qaydalara zidd ticarət əlaqələri region üzrə mövcud iqtisadi vəziyyətə dair məlumatları təhrif edir və ciddi yanlışlıqlar yaradır:
"Ermənistan məsuliyyətli və cəsarətli davranmalı, Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhliz verməməlidir. Bu Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir".
M. Həsənov vurğulayıb ki, Ermənistan Rusiyadan idxal etdiyi məhsulları yerli məhsullar adı altında digər ölkələrə ixrac edir:
"Əgər qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların Ermənistandan ixracının həcmi 2020-ci ildə cəmi 368,8 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 8,4 milyard ABŞ dollarından çox olub, 5 il ərzində 23 dəfə artıb. Beləliklə, Ermənistan Rusiyadan sanksiyalara məruz qalmış malları idxal edir və onları mənşəyini gizlədərək üçüncü ölkələrə öz məhsulu kimi ixrac etməklə, Moskvanın sanksiyalardan yayınmasına aşkar vasitəçilik edir".
İqtisadçı əlavə edib ki, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair hesabatını ingilis dilində Avropa və ABŞ-da Rusiya-Ukrayna mövzusunu araşdıran beyin mərkəzlərinə də yollayacaq.