...

Rusiya Ukraynaya dair üzləşdiyi sanksiyalardan Ermənistan vasitəsilə yayınır - Fikrət Yusifov

İqtisadiyyat Materials 3 Oktyabr 2025 10:10 (UTC +04:00)
Rusiya Ukraynaya dair üzləşdiyi sanksiyalardan Ermənistan vasitəsilə yayınır - Fikrət Yusifov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Ermənistan üzərindən idxal-ixrac əməliyyatları ilə qazandığı maliyyəni Ukraynada dinc əhaliyə qarşı hücumlar üçün istifadə edir.

Trend xəbər verir ki, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Ermənistanın şübhəli idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair brifinqdə deyib.

O bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin əsas maliyyə qaynaqlarından biri Ermənistan üzərindən apardığı idxal-ixrac əməliyyatlarıdır:

"Rusiyaya qarşı beynəlxalq sanksiyaların işə düşməsi və Ermənistanın xarici ticarət dövriyyəsindəki kəskin artımlar bir-biri ilə sıx bağlıdır, biri səbəb, digəri nəticədir. Ermənistan Dövlət Statistika Komitəsinin və beynəlxalq qurumların açıqladığı məlumatlara görə, son 5 ildə Ermənistanın xarici ticarət dövriyyəsi 4,2 dəfə artaraq 7,1 milyard ABŞ dollarından 30,2 milyard ABŞ dollarına qədər böyüyüb. Əgər 2021-ci ildə Ermənistan Rusiyadan cəmisi 1,8 milyard ABŞ dolları həcmində məhsul idxal etmişdirsə, 2024-cü ildə bu rəqəm 5,1 dəfə və ya 7,4 milyard ABŞ dolları artaraq 9,2 milyard ABŞ dolları təşkil edib, bunun da 6,9 milyard dolları və ya 75%-i sırf qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların payına düşür".

F. Yusifovun sözlərinə görə, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin təhlilləri üzə çıxarır ki, Ermənistanın Rusiyadan böyük həcmdə idxal etdiyi qiymətli və yarı qiymətli daşlar, qiymətli metallar bu ölkənin daxili təlabatı üçün deyil, üçüncü ölkələrə ixrac üçündür:

“2020-ci ildə 44 günlük müharibədə ağır məğlubiyyət yaşamış, iqtisadiyyatı çökmüş bir ölkənin yoxsul əhalisi necə ola bilər ki, birdən-birə xaricdən bu qədər ləl-cəvahirat, qiymətli daşlar alsın, hansı vəsaitlə?! Bu, gülünc saxtalaşdırma, pərdələnmiş iqtisadi əməliyyatlardır, iki ölkə arasında sövdələşmənin nəticəsidir. Rusiya Ermənistan üzərindən idxal-ixrac əməliyyatları ilə qazandığı maliyyəni Ukraynada dinc əhaliyə qarşı hücumlar üçün istifadə edir. Bunu gizlətmək mümkün deyil. Belə ki, Ermənistan Rusiyadan idxal etdiyi bu məhsulları yerli məhsullar adı altında digər ölkələrə ixrac edir. Əgər qiymətli və ya yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların Ermənistandan ixracının həcmi 2020-ci ildə cəmi 368,8 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü ildə bu rəqəm 8,4 milyard ABŞ dollarından çox olub, 5 il ərzində 23 dəfə artıb".

"Beləliklə, Ermənistan Rusiyadan sanksiyalara məruz qalmış malları idxal edir və onları mənşəyini gizlədərək üçüncü ölkələrə öz məhsulu kimi ixrac etməklə, Moskvanın sanksiyalardan yayınmasına aşkar vasitəçilik edir", - deyə F. Yusifov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti