Biləsuvar. Trend:
445 meqavat gücündə Biləsuvar Günəş Eektrik Stansiyasının (GES) ilk panelinin quraşdırılması layihə üçün çox mühüm bir mərhələdir.
Trend-in Biləsuvar rayonuna ezam olunmuş əməkdaşı xəbər verir, bunu “Masdar” şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli Biləsuvar Günəş Eektrik Stansiyasında (GES) birinci panelin quraşdırılması mərasimində bildirib.
"Biz "Masdar" olaraq tərəfdaşımız "SOCAR Green" ilə birlikdə bu ilk panelin quraşdırılmasından böyük qürur duyuruq. Çünki bu, Azərbaycanın enerji sisteminin transformasiyası baxımından çox əhəmiyyətli bir nailiyyətdir", - o qeyd edib.
"Masdar" rəsmisi Biləsuvar GES layihəsinin reallaşmasında dəstəyi olan qurumlara təşəkkürünü ifadə edib:
"Fürsətdən istifadə edərək Azərbaycan hökumətinə, Energetika Nazirliyinə, həmçinin “Azərenerji”yə bizə verdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Onların dəstəyi ilə Azərbaycan üçün çox mühüm və unikal bir layihəni reallaşdırırıq".
Əbdüləziz Alobaidli sözügedən layihənin təmsil etdiyi şirkətin Azərbaycandakı ilk layihəsi olmadığını xatırladıb və bildirib ki, "Masdar" artıq Qaradağda da bir layihəni uğurla həyata keçirib və həmin stansiya iki ildir ki, fəaliyyət göstərir:
"Biləsuvar GES isə bizim ikinci layihəmizdir. Bundan əlavə, yaxın illərdə icra edəcəyimiz daha iki layihə üzrə də müqavilə imzalamışıq".