Bakı. Trend:
Ölkədə 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il dekabr ayının 24-ü vəziyyətinə 921,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Trend Statistika Komitəsinə istinadla xəbər verir ki, səpin aparılmış sahənin 98,9 faizini və yaxud 911,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib və onun da 444,7 min hektarı buğda, 466,4 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (54,0 min ha), Füzuli (23,2 min ha), Ağcabədi (18,8 min ha), İsmayıllı və Şəki (hər biri 18,7 min ha), Hacıqabul (15,4 min ha), Qobustan (13,1 min ha) və Şamaxı (13,0 min ha) rayonlarında, ən çox arpa bitkisi Şəki (41,2 min ha), Kürdəmir (31,7 min ha), Neftçala (28,8 min ha), Biləsuvar (24,1 min ha), Ağsu (18,9 min ha), Qobustan (17,5 min ha) və Füzuli (17,0 min ha) rayonlarında səpilib.
