Bakı.Trend:
bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOIL”, “SGC”, “NICO”, “MOL”, “INPEX”, “ExxonMobil”, “ITOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından məmnuniyyətlə elan edir ki, Azərbaycan təsviri sənətində 1960-cı illərdə formalaşmış nonkonformist hərəkatın təşviqinə dəstək məqsədli mühüm bir sosial layihə uğurla başa çatmışdır.
Trend xəbər verir ki, layihə çərçivəsində bp və tərəfdaşları Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) ölkənin görkəmli nonkonformist rəssamlarının əsərlərinin nümayişi üçün ayrılmış xüsusi sərgi zallarının təmiri və modernləşdirilməsini maliyyələşdiriblər.
Yenilənmə işləri zalların həm estetik, həm də funksional xüsusiyyətlərinin təkmilləşdirilməsinə yönələrək müasir işıqlandırma sistemlərinin qurulması və divar səthlərinin müvafiq olaraq hazırlanması ilə bu dəyərli əsərlərin beynəlxalq muzey standartlarına uyğun optimal texniki və vizual şəraitdə nümayişi və saxlanmasını təmin edir.
Layihə çərçivəsində 800 kvadratmetr divar, 400 kvadratmetr tavan və 330 kvadratmetr döşəmə sahəsi təmir edilib, həmçinin ən azı 150 sənət əsəri üçün qabaqcıl işıqlandırma sistemləri quraşdırılıb və muzey standartlarına uyğun 150 ədəd yeni taxta çərçivə hazırlanıb.
XX əsr Azərbaycan nonkonformist rəssamlarının əsərləri Muzeyin kolleksiyasının əhəmiyyətli bir hissəsini təşkil edir. 1960-cı illərdən 1980-ci illərədək fəalliyyətdə olan nonkonformist təsviri sənət cərəyanı sovet dövrünün sosialist realizmindən imtina edərək onun qoyduğu məhdudiyyətlərə qarşı bir hərəkat kimi formalaşmış və Abşeron Rəssamlıq Məktəbinin yaranışına və inkişafına mühüm töhfə vermişdir. Hərəkatın aparıcı nümayəndələri sırasında dünya şöhrətli rəssamlar Mircavad Mircavadov, Əşrəf Murad, Tofiq Cavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev, Kamal Əhməd, və avanqard heykəltəraşlığın əsas nümayəndəsi Fazil Nəcəfov kimi adlar var.
Bu gün layihənin ictimaiyyətə təqdimatı münasibətilə Milli İncəsənət Muzeyində keçirilmiş tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli dedi: “Azərbaycanın zəngin mədəni irsinin
qorunub saxlanmasına və təşviqinə yönəlmiş təşəbbüsləri dəstəkləməkdən qürur duyuruq. Bu gün təqdim etdiyimiz layihə Azərbaycanın nonkonformist təsviri sənət məktəbinin təbliğinə birbaşa töhfə verir.
Sevindirici məqamlardan biri də odur ki, muzeyin əsaslı şəkildə yenilənmiş zalları artıq Azərbaycanın nonkonformist rəssamlarının möhtəşəm irsini layiqincə təqdim etmək üçün zəruri avadanlıqlarla təchiz edilib və bu da bu unikal əsərlərin tam dolğunluğu və estetik gözəlliyi ilə ziyarətçilərə çatdırılmasına imkan verir. Yenilənmiş zallar və quraşdırılmış müasir avadanlıq bu mədəni irsin ecazkar gözəlliyinin daha canlı görünüşünə, bu qiymətli əsərlərin bütün rəng çalarlarının və incəliklərinin tam möhtəşəmliyi ilə ictimaiyyətə daha əlçatan olmasına xidmət edir. Ümidvarıq ki, bu layihə nonkonformist rəssamların yaradıcılığına həm ölkədə, həm də beynəlxalq səviyyədə layiq olduqları yüksək qiymətin verilməsinə mühüm töhfə olacaq.”
Ümumi dəyəri 358089 AZN (210640 ABŞ dolları) təşkil edən bu layihə “Greentech Solutions” MMC tərəfindən icra olunub.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 87 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2389 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
