...

Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 9 Fevral 2026 17:39 (UTC +04:00)
Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədri Bülent Eczacıbaşı ilə görüşüb.

Trend bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə strateji əməkdaşlığının bu gün ən yüksək zirvədə olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi tərəfdaşlıq da yüksələn xətlə inkişaf edir. Biznes dairələrinin sıx birgə fəaliyyəti qarşılıqlı münasibətlərin daha da dərinləşməsinə, ölkələrimiz arasında ticarətin və investisiya qoyuluşunun artmasına töhfə verir.

"Eczacıbaşı Holding" şirkətlər qrupunun İdarə Heyətinin sədrinə Azərbaycan iqtisadiyyatı, ölkəmizin əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad olunmuş ərazilərin işgüzar potensialı, sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib.

Görüş zamanı ölkələrimizin biznes sahəsində əməkdaşlığı, xarici investorlar üçün əlverişli biznes şərtləri və şirkətin səhiyyə, sənaye, maliyyə, informasiya texnologiyaları və digər sahələr üzrə Azərbaycanda potensial fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Eczacıbaşı Holding” Türkiyənin səhiyyə, tikinti materialları, istehlak malları, təbii resurslar, maliyyə və informasiya texnologiyaları sahələrində fəaliyyət göstərən şirkətlər qrupudur. 1942-ci ildə təsis edilmiş qrupa 50-dən çox şirkət daxildir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5,721 milyard ABŞ dolları təşkil edib. Bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 409,3 milyon ABŞ dolları və ya 6,7% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,58%-i həcmində olub. Bununla da Türkiyə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan Türkiyəyə 3,378 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 441,6 milyon ABŞ dolları və ya 11,6% azdır.

Dövr ərzində Türkiyəyə ixrac əməliyyatlarının 118 milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi isə 242,6 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründə Azərbaycandan Türkiyəyə sözügedən məhsulların ixracında dəyər ifadəsində 114,4 milyon ABŞ dolları və ya 49,2%, həcm baxımından isə 187,9 min ton və ya 43,6% azalma qeydə alınıb.

Eyni zamanda 2025-ci ildə Azərbaycandan Türkiyəyə 597,3 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü illə müqayisədə 55 milyon ABŞ dolları və ya 10,1% çoxdur. Azərbaycanın qeyri-neft məhsulları ixracında Türkiyənin payı 16,46% təşkil edib. Bununla da Türkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında Rusiyadan sonra 2-ci pillədə qərarlaşıb.

Hesabat ilində Türkiyədən Azərbaycana isə 2,343 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 32,3 milyon ABŞ dolları və ya 1,4% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti