Bakı. Trend:
Azərbaycan Asiya İnkişaf Bankı ilə (AİB) ölkədə elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı yeni texniki layihənin başlanılması imkanları müzakirə edib.
Trend xəbər verir ki, bu məsələ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın Asiya İnkişaf Bankının (AİB) Dövlət Sektorunun İdarə Edilməsi Ofisinin Direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı müzakirə edilib.
Görüşdə Dövlət Vergi Xidməti ilə Asiya İnkişaf Bankı arasında mövcud əməkdaşlıq çərçivəsi, həyata keçirilən və planlaşdırılan texniki yardım təşəbbüsləri müzakirə olunub. Tərəflər vergi inzibatçılığının təkmilləşdirilməsi, daxili resursların səfərbər olunması və fiskal dayanıqlılığın gücləndirilməsi istiqamətində aparılan islahat tədbirləri barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı yeni texniki layihənin başlanılması imkanları müzakirə edilib. Bu istiqamətdə beynəlxalq təcrübənin tətbiqi, rəqəmsal nəzarət mexanizmlərinin gücləndirilməsi və inzibatçılıq alətlərinin təkmilləşdirilməsi məsələlərinə toxunulub.
Görüş zamanı vergi orqanında yeni texniki layihələr üzrə mümkün əməkdaşlıq istiqamətləri də nəzərdən keçirilib. Tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət etdiyini vurğulayıblar.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayı ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 5,464 milyon ABŞ dolları təşkil edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,396 milyon dollar və ya 3,6 dəfə azdır.
2024-cü ilin yanvar-sentyabr aylarında Asiya İnkişaf Bankının Azərbaycana birbaşa xarici investisiyaların həcmi 19,860 milyon dollara bərabər idi.
Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində AİB-dən olan investisiyaların payı 0,1% təşkil edib.
