Bakı. Trend:
Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında münasibətlər üç onillikdən artıqdır ki, ardıcıl və yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər diplomatik təmaslarla məhdudlaşmayıb, onların mərkəzində iqtisadi əməkdaşlıq dayanıb. Enerji layihələri ilə başlanan tərəfdaşlıq zaman keçdikcə daha mürəkkəb və çoxşaxəli iqtisadi platformaya çevrilib. Bu gün Bakı ilə Vaşinqton arasında əlaqələri təkcə ticarət dövriyyəsi və investisiya statistikası ilə ölçmək kifayət etməz. Burada söhbət həm də regional və qlobal miqyasda təsir gücünə malik strateji iqtisadi sinerjidən gedir.
Azərbaycan–ABŞ iqtisadi münasibətlərinin başlanğıcı 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi ilə qoyuldu. Həmin sənəd postsovet məkanında ən iri enerji razılaşmalarından biri olmaqla yanaşı, Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasının əsasını formalaşdırdı. “ExxonMobil” və bp kimi transmilli enerji nəhənglərinin iştirakı ölkəyə kapitalla yanaşı, texnologiya, idarəetmə təcrübəsi və beynəlxalq bazarlara çıxış imkanı gətirdi. Bu əməkdaşlıq modeli sonrakı illərdə iqtisadi münasibətlərin digər sahələrinə də nümunə oldu.
Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. ABŞ üçün bu, müttəfiq ölkələrin enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Enerji təhlükəsizliyi artıq qlobal sabitliyin əsas elementlərindən biridir və Azərbaycan bu sistemdə etibarlı təchizatçı kimi qəbul olunur.
Eyni zamanda, əməkdaşlıq yeni enerji mərhələsinə – “yaşıl keçid”ə daxil olur. Azərbaycan Xəzər hövzəsində külək enerjisi, ölkənin müxtəlif regionlarında isə günəş enerjisi potensialını genişləndirməyə başlayıb. Yaxın illərdə əlavə 7-8 giqavat bərpa olunan enerji gücünün yaradılması planlaşdırılır. Bu, bir tərəfdən daxili enerji balansını optimallaşdıracaq, digər tərəfdən isə ixrac üçün daha çox qaz həcmi formalaşdıracaq. ABŞ şirkətlərinin “yaşıl enerji”, enerji saxlama sistemləri və şəbəkə idarəetməsi sahəsində təcrübəsi bu prosesdə mühüm rol oynaya bilər. Beləliklə, enerji əməkdaşlığı artıq hasilatla deyil, texnologiya və dayanıqlılıq anlayışı ilə ölçülür.
2025-ci ilin statistikası da göstərir ki, iqtisadi əlaqələr real və konkret əsaslara söykənir. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 1,557 milyard dollar təşkil edib. Bununla da ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında altıncı yerdə qərarlaşıb və ümumi dövriyyədə 3,15 faiz paya malik olub. ABŞ-dən Azərbaycana idxal olunan 1,495 milyard dollarlıq məhsullar əsasən yüksək texnologiya, sənaye avadanlıqları və innovativ həllərdən ibarətdir. Həmçinin ötən il Azərbaycandan ABŞ-yə 61,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Ümumilikdə, bu, Azərbaycanın sənaye və infrastruktur modernləşməsinin ABŞ texnologiyaları ilə paralel getdiyini göstərir.
Digər tərəfdən, Azərbaycanın qeyri-neft sektorunda inkişafı yeni ixrac imkanları yaradır. Sənaye parkları, aqrar emal müəssisələri, kimya və metallurgiya sahələri daha rəqabətqabiliyyətli məhsullar istehsal etməyə başlayıb. ABŞ bazarı keyfiyyət standartları baxımından yüksək tələblər qoysa da, həmin bazara çıxış Azərbaycan istehsalçılarının beynəlxalq mövqeyini möhkəmləndirə bilər. Ümumi xarici ticarət dövriyyəsinin 49,4 milyard dollara çatması ölkənin qlobal iqtisadi sistemdə aktiv iştirakını göstərir.
İnvestisiya sahəsində dinamika münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini sübut edir. 2025-ci ilin ilk doqquz ayında ABŞ-dən Azərbaycana 133 milyon dollardan çox birbaşa investisiya daxil olub və bu, illik müqayisədə 30 faiz artım deməkdir. Eyni zamanda, Azərbaycanın ABŞ iqtisadiyyatına yatırdığı sərmayələrin 117 milyon dollara çataraq 2,5 dəfə artması xüsusi diqqət çəkir. Bu qarşılıqlı kapital hərəkəti tərəfdaşlığın bərabərhüquqlu xarakter aldığını göstərir.
2026-cı ilin fevralında Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirdi. Sənəddə logistika, innovasiya, rəqəmsal transformasiya və sənaye kooperasiyası kimi sahələr ön plana çıxarılır. Bu isə münasibətlərin təkcə mövcud layihələrə deyil, gələcək iqtisadi arxitekturaya yönəldiyini göstərir.
Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin yeni mərhələsi ilə bağlı ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr Trend-ə müsahibəsində bildirib ki, hazırda Azərbaycanda 200-dən çox Amerika şirkəti fəaliyyət göstərir və Vaşinqton ikitərəfli ticarətin genişlənməsində maraqlıdır.
“İqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün əsas istiqamətlərə energetikaya investisiyalar, regional əlaqəlilik infrastrukturunun inkişafı, süni intellekt sahəsində tərəfdaşlıq və rəqəmsal infrastrukturun gücləndirilməsi daxildir”, – deyə o qeyd edib.
Kaleb Orr əlavə edib ki, ABŞ Azərbaycanın regional rəqəmsal
qovşaq kimi rolunun dəstəklənməsi imkanlarını araşdırır və
Transxəzər marşrutunun inkişafı Avrasiya boyunca ticarəti
transformasiya edə bilər.
Logistika və nəqliyyat sahəsində Azərbaycan artıq Avrasiya
məkanında mühüm tranzit qovşağına çevrilir. Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu – Orta Dəhliz – Çinlə Avropa arasında alternativ
və daha çevik marşrut təqdim edir. Bu marşrutun inkişafı qlobal
təchizat zəncirlərinin şaxələndirilməsi baxımından böyük əhəmiyyət
daşıyır. Bununla yanaşı, TRIPP təşəbbüsü regiondaxili əlaqəliliyi
gücləndirərək Cənubi Qafqazda iqtisadi inteqrasiyanın
dərinləşməsinə töhfə verə bilər. ABŞ üçün bu layihələr Avrasiyada
dayanıqlı və etibarlı logistika şəbəkəsinin qurulması deməkdir.
Rəqəmsal iqtisadiyyat isə yeni əməkdaşlıq mərhələsinin əsas sütunlarından birinə çevrilir. ABŞ-nin innovasiya ekosistemi və texnologiya şirkətləri Azərbaycanın rəqəmsal transformasiyasına təkan verir. Maliyyə texnologiyaları və elektron ödəniş sistemləri sahəsində Visa kimi şirkətlərin fəaliyyəti ölkədə nağdsız iqtisadiyyatın payını artırır. Süni intellekt, böyük data və data mərkəzləri istiqamətində əməkdaşlıq Azərbaycanın enerji potensialı ilə texnoloji imkanlarını birləşdirərək yeni iqtisadi model formalaşdıra bilər.
Beynəlxalq müstəvidə bu tərəfdaşlığın faydaları daha genişdir. Avropa üçün Azərbaycan etibarlı enerji və tranzit tərəfdaşıdır. Mərkəzi Asiya ölkələri üçün Azərbaycan üzərindən Qərb bazarlarına çıxış imkanları genişlənir. ABŞ üçün isə Cənubi Qafqazda iqtisadi cəhətdən sabit və açıq bazar prinsiplərinə əsaslanan tərəfdaşın mövcudluğu strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq regional sabitliyi iqtisadi inteqrasiya vasitəsilə möhkəmləndirən model kimi çıxış edir.
Beləliklə, Azərbaycan-ABŞ iqtisadi münasibətləri artıq ənənvi enerji əməkdaşlığından daha yeni mərhələyə qədəm qoyur. “Yaşıl enerji” keçidi, nəqliyyat və logistika şəbəkələrinin genişlənməsi, rəqəmsal transformasiya, süni intellekt və qarşılıqlı sərmayə axını bu münasibətləri yeni keyfiyyət mərhələsinə çıxarır. Üç onillik əvvəl neft platformalarında başlanan tərəfdaşlıq bu gün innovasiya və texnologiya platformalarında davam edir. Bu isə göstərir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq mövcud imkanlarla yanaşı, gələcəyin iqtisadi arxitekturasına yönəlmiş strateji baxışa əsaslanır.
