Qazaxıstan, Astana, 24 sentyabr/ Trend , müxbir K.Konırova/"Gürcüstanın Poti limanında taxıl terminalının tikilməsi tərəflərin maliyyə məsələsində razılığa gələ bilməmələri ilə bağlıdır", - çərşənbə günü Trend -ın Astanadakı xüsusi müxbirinə, Qazaxıstanın Kənd Təsərrüfatı naziri Akılbek Kurişbayevin bu yaxınlarda verdiyi bəyanatı şərh edərkən, "Ərzaq Müqavilə Korporasiyası"SC - dəki layihəyə yaxın mənbə deyib.
"Biz Potidə terminalın tikilməsindən maliyyə məsələlərilə bağlı olaraq imtina etmişik", - mənbə bildirib.
Bazar ertəsi hökumət Məclisinin gedişində Qazaxıstanın Baş naziri deputatlardan birinin sualına cavab verərkən deyib: "Potidə terminalın tikilməsindən biz imtina etmişik. Biz hökumətə məktub yazmışıq ki, bu pulları orada istifadə etməyək və bununla da layihəni dayandıraq. Bu məsələ, sözsüz ki, beynəlxalq məsələlərlə, xüsusilə də Gürcüstandakı vəziyyətlə bağlıdır".
"Ərzaq Müqavilə Korporasiyası"nümayəndəsinin sözlərinə görə, tərəflər Gürcüstandakı məlum avqust hadisələrinədək baş tutmuş danışıqların gedişində maliyyə yatırımlarının şərtləri üzrə razılığa gələ bilməyiblər.
Həmsöhbət xatırladıb ki, yayda Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşma imzalanıb. Razılaşmaya əsasən, SC Gürcüstanın Poti limanında taxıl terminalı və 24 min ton tutumlu elevator tikməli idi.
"Layihədə Qazaxıstan və Gürcüstan tərəflərinin iştirak payı, bizim Bakı limanındakı azərbaycanlı tərəfdaşlarımızla həyata keçirildiyi kimi, 50x50 olmalı idi. Biz layihənin dəyərinin yarısını - $9 mln. ayırdıq. Eynilə bu məbləği, əvəzində torpaq və avadanlıq təklif edən gürcü tərəfi də qoymalı idi", - mənbə aydınlaşdırıb.
Onun sözlərinə görə, Qazaxıstan tərəfi gürcü tərəfinin təklif etdiyi mülkiyyətin qiymətləndirilməsini həyata keçirən beynəlxalq müstəqil auditor qrupunu dəvət edib. Nəticədə, torpaq $4 mln.dəyərləndirilib, avadanlıq isə köhnəlmiş hesab edilib.
"Biz torpağı qəbul etməyə razı olduq, lakin qalan $5 mln.-ı pul şəklində yatırmağı təkilf etdik. Gürcü tərəfinin bu qədər vəsaiti olmadığından, bu şərtlər üzərində təkid edib. Bu şərtlər bizi qane etmədi və biz taxıl terminalının paritet əsasda tikilməsindən imtina etməyə məcbur olduq", - mənbə qeyd edib.
Nümayəndənin sözlərinə görə, "Ərzaq Müqavilə Korporasiyası"başqa variantı - Gürcüstanın digər limanında, Batumidə öz yüz faizlik iştirakı ilə taxıl terminalının tikilməsini nəzərdən keçirməyə qərara alıb.
"Qara dənizdə taxıl termianlının tikilməsi taxılımızın dünya bazarlarına çatdırılması üçün alternativ marşrut olub. Rusiya və Ukraynada yüksək məhsuldarlıqla əlaqədar olaraq, bizim malımızın Qara dənizin digər limanları - Odessa və Novorosiysk vasitəsilə daşınması üzrə çətinliklərmiz olub. Buna görə də, biz bu layihəyədə maraqlı idik , - həmsöhbət vurğulayıb".
Onun məlumatına görə, hazırda Qazaxıstan taxılı Qafqaz dəhlizi vasitəsilə iki marşrut üzrə təchiz edir. Birincisi, Xəzər dənizi ilə Bakı limanına, sonra quru ilə Gürcüstana. İkincisi, dəmir yolu ilə Rusiya vasitəsilə: Aksarayskdan Samuradək və daha sonra Azərbaycan və Gürcüstan.
Həmsöhbətin dediyinə görə, "Ərzaq Müqavilə Korporasiyası"Batumidə torpağın ayrılması üzrə gürcü tərəfi ilə danışıqlara başlayıb. "Lakin məlum avqust hadisələrindən sonra biz də, regionun digər iştirakçıları kimi, bu layihə üzrə danışıqları vəziyyət tam tənzimlənənədək dayandırmışıq. Biz Batumi limanında taxıl terminalının tikilməsi layihəsindən imtina etmirik, lakin sabitliyin bərqərar ediləcəyini gözləyəcəyik", - SC-nin nümayəndəsi sözünü tamamlayıb.
"Ərzaq Müqavilə Korporasiyası"nın Qazaxıstanda 10, Böyük Britaniyada, Rusiya, Çin, İran və Azərbaycanda da nümayəndəliyi var. SC- nin taxılın alınmasında, saxlanılmasında və logistikada ixtisaslaşmış beş törəmə şirkəti, Qazaxıstanın müxtəlif regionlarında yerləşmiş altı çörək bazası; Xəzər dənizində Aktau limanında, illik aşırılma gücü 500 min ton olan taxıl termianlı da var.