Azərbaycan, Bakı, 06 noyabr/ Trend müxbir Ü.İsmayılova/ Almaniya Federal Pensiya Sığorta İdarəsinin nümayəndə heyəti 2008 -2009 - cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan sazişin müddəalarının reallaşdırılması üçün Bakıya gələcək, - Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) departament rəhbəri Elman Babayev cümə axşamı bildirib.
DSMF və Almaniya İdarəsi arasında saziş Fondun nümayəndə heyətinin 2007- ci ilin dekabrında AFR - ə səfəri zamanı imzalanıb.
Babayevin sözlərinə görə, saziş imzalandıqdan sonra beş ikitərəfli görüş keçirilib. Görüşlərdə icbari sığorta üzrə ödənişlərin yığılmasına nəzarət, sosial sığorta olunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti məsələləri müzakirə edilib.
Bakıda keçiriləcək altıncı görüş insan ehtiyatlarının idarə edilməsinə həsr edilib.
Almaniya nümayəndə heyətinin tərkibinə Almaniya Federal Pensiya Sığorta İdarəsi Kadr şöbəsinin müdir müavini Yurgen Körper, Təşkilati məsələlər üzrə bölmənin müdiri Vofqanq Yedke, Almaniya Pensiya Sığorta İdarəsinin yanında sosial sığorta sahəsində mütəxəssislərin hazırlığı üzrə ali məktəbin direktoru Stefan Lovin daxildir.
Nümayəndə heyəti noyabrın 10 -13-də Bakıda olacaq.
DSMF-in məlumatlarına görə, Azərbaycanda təxminən 1,3 mln. pensiyaçı var.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]