...

CAREC üzv-ölkələrdə nəqliyyatın inkişafı proqramını 2012-ci ilə qədər təsdiq etməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2009 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir İ.Xəlilova /

Ulan-Batorda iyunun 24-25-də CAREC-in (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində nəqliyyat və ticarətə dəstək üzrə Koordinasiya Şurasının iclası keçiriləcək. Bu barədə Asiya İnkşaf Bankının (AİB) Bakı nümayəndəliyinin iqtisadçısı Rafael Abbasov deyib. 

"İclasda nəqliyyat üzrə regional proqram çərçivəsində aparılacaq işlər müzakirə ediləcək", - Abbasov qeyd edib.

Görüşdə həmçinin nəqliyyat və ticarətin inkişafı üzrə iş planının reallaşdırılması ilə bağlı irəliləyişlər müzakirə ediləcək. Bununla yanaşı, 2010-2012-ci illər üçün üçillik proqramın, 2009 və 2010-cu illər üçün komitənin iş planının təsdiqlənməsi gözlənilir.

CAREC - səkkiz üzv-ölkənin (Əfqanıstan, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan) və altı beynəlxalq təşkilatın (AİB, AYİB, BVF, İİB, BMT-nin inkişaf proqramları və Dünya Bankı) əməkdaşlığından ibarətdir.

Azərbaycanı iclasda Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi və Nəqliyyat Nazirliyinin nümayəndələri təmsil edəcəklər.

Ötən il CAREC -də Azərbaycan sədrlik edib. Görüşlər zamanı Bakının ikinci nəqliyyat dəhlizinin yüklənmə mərkəzi olması təklif edilib (nəqliyyat dəhlizi Çin - Mərkəzi Asiya - Avropanı əhatə edir). Dəhlizin inşasının təşəbbüskarı qismində 2007-ci ilin sonunda təsdiqlənmiş regionda nəqliyyat və ticarətə dəstək proqramı çərçivəsində CAREC-ə üzv ölkələr çıxış edirlər. Layihənin reallaşdırılmsı Bakıda nəhəng loqistika mərkəzinin yaradılmasına imkan verəcək və nəticədə Çindən gələn bütün yüklər Azərbaycan sərhədindən keçməli olacaq.

Sözügedən proqram CAREC-ə üzv olan 8 ölkədən keçən 6 nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur və layihə 18 milyard dollar həcmində dəyərləndirilir. Dəhlizlərin ikisi Azərbaycan, Qazaxıstan və Türkmənistanı birləşdirəcək. Bu dəhliz avtomobil, hava və dəmiryolu əlaqəsinin inkişafını nəzərdə tutur.

2007-ci ildə təşkilat tərəfindən bəyənilmiş nəqliyyat dəhlizlərinin inkişafı layihəsinə AİB və CAREC-də iştirak edən digər maliyyə institutları 1,2 milyard dollar vəsait ayırıblar. Ayrılan vəsaitin 680 milyon dolları Asiya İnkişaf Bankının payına düşür.

AİB tərəfindən Azərbaycan üçün təsdiq edilmiş maliyyələşdirmənin multitranş mexanizmi nəqliyyat layihələrinin həyata keçirilməsi üçün 500 milyon dollar nəzərdə tutur və nəqliyyat dəhlizinin inkişafında irəliyə doğru bir addımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti