...

Azərbaycan müəssisələrində 2009-cu ilin birinci yarısında baş vermiş bədbəxt hadisələrin 40 faizi inşaat sektoruna aiddir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2009 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir Ü.İsmayılova /

Birinci yarımildə Azərbaycanın istehsal müəssisələrində 131 bədbəxt hadisə baş verib. Onlardan 50-si ölkənin inşaat sektorunda qeydə alınıb. Bu barədə çərşənbə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Əmək Müfəttişliyindən məlumat verilib.    

Monitorinqin yekununa əsasən, istehsal müəssisələrində bədbəxt hadisələr nəticəsində 33 nəfər ölüb. Bunların 18-i inşaat sektorunda çalışanlar olub. Müxtəlif dərəcəli xəsarət alan 122 nəfərin 38-i məhz inşaat sektorunda işləyənlər olub.

25 istehsal hadisəsində müəssisələr, 10-da tikinti şirkətləri, 66-da zərərçəkmişlər və 4-də inşaatçılar, 22-də eyni zamanda müəssisələr və zərərçəkmişlər, 4-də isə inşaatçı və inşaat şirkətləri günahkar olublar.  

Hesabat dövrü ərzində müfəttişlik 1,217 min müəssisədə monitorinq aparıb. Onlardan 487-si dövlət, 729-u özəl müəssisə olub. Müfəttişlik 1,476 min müraciət və məktuba baxıb.

Monitorinqlərin nəticələrinə görə, işçilərə ümumi məbləği 508,55 min manat olan yubadılan muzdlar, o cümlədən əmək haqqı üzrə 471,9, alınmış ziyana görə 10,03, sosial müavinət və kompensasiya üzrə 26,01 min manat verilib. 

Müfəttişliyin müdaxiləsi nəticəsində işdən qanunsuz çıxarılmış 32 nəfər yenidən iş yerlərinə bərpa olunub, eləcə də işçilərin hüquqlarını pozan 4,42 min hadisə aşkar olunub. Nəticədə həmin müəssisələr inzibati hüquq pozuntusuna görə 263,97 min manat məbləğində cərimə olunublar.   

Bu dövr ərzində müfəttişlik həmçinin 264 min işçi ilə əmək müqaviləsinin bağlanmasını təmin edib və 676 işçiyə kollektiv müqavilə təqdim edilib.

İyulun 15-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti