...

Azərbaycan Mərkəzi Bankı ARDNŞ-yə tarixi ərzində ən iri borc verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2009 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycan Mərkəzi Bankı (AMB) ARDNŞ-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 750 milyon manat məbləğində kredit ayırıb. Bu barədə cümə axşamı AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

"450 milyon manat layihələrə cəlb edilmiş kreditlər üzrə xarici borcların ödənilməsinə yönəldiləcək. Qalan pullar isə ARDNŞ-nin enerji layihələrinin maliyyələşməsinə hesablanıb", - Rüstəmov deyib.

Mərkəzi Bank krediti 7 ilə, illik üç faizlə, iki il güzəştli dövr olmaqla verib. Bu dövr ərzində yalnız faizlər ödəniləcək. Sonrakı beş il ərzində isə faizlərlə yanaşı, əsas hissə - illik 150 milyon manat üzrə ödəmələr ediləcək.

"ARDNŞ-nin cəlb etdiyi kredit üzrə ödəmələrin AMB-nin üçot dərəcələrindən 2-3 dəfə artıq dərəcə ilə ödənilməsi gözlənilir", - Rüstəmov deyib.

Mərkəzi Bankın krediti Azərbaycan Beynəlxalq Bankı vasitəsilə və dövlət zəmanəti altında verilib. Son vaxtlarda Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmasını Rüstəmov məhz bununla əlaqələndirib.

Mərkəzi Bank rəhbəri hesab edir ki, dünya bazarında neftin qiymətinin qalxması ARDNŞ-nin maliyyə vəziyyətini yaxşılaşdırmağa imkan verir.

Bir müddət əvvəl ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun dediyi kimi, 2010-cu ildən şirkət xarici borcların ödənilməsinə başlayır və 120 milyon dollar qaytarılacaq.

100 faiz ARDNŞ-yə məxsus olan və Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə PSA tipli müqavilədə onun 10 faizlik hissəsini idarə edən Azerbaijan ACG Ltd və Fransanın BNP Paribas S.A-nın sindikatlaşdırılmış kreditin verilməsi barədə müqaviləsi 24 mart 2006-cı ildə imzalanıb.

Kreditin məbləği 750 milyon dollar təşkil edib. BNP Paribas-ın rolu kreditin verilməsindən, sonra isə onu 15 aparıcı dünya və Avropa banklarının daxil olduğu sindikasiya iştirakçıları arasında bölməkdən ibarət olub.

Sindikatlaşdırılmış kredit sayəsində ARDNŞ (AzACG Ltd) xərclənən nefti özünə qaytarmağa müvəffəq olub. Bu nefti o indi müstəqil sata bilər. Əvvəllər Neft Şirkətinin hissəsini 1994-cü ildə ARDNŞ-nin öhdəçiliklərini maliyyələşdirmək üçün cəlb edilmiş Exxon Mobile və TRAO maliyyələşdirirdilər.

BNP Paribas S.A. ilə dövlət zəmanəti və digər girovlar olmadan bağlanmış müqavilə ARDNŞ-yə gələcəkdə qəbul olunmuş dərəcələr üzrə dünya kapital bazarından müstəqil vəsait cəlb etməyə imkan verib.

Vitse-prezidentin sözlərinə görə, ARDNŞ bu il bir il müddətinə borclar cəlb etdiyi Xalq Bank və Beynəlxalq Banka kreditləri ödəməyi planlaşdırır. ABB-dən 80 milyon dollar, Xalq Bankdan isə 40-50 milyon dollar cəlb olunub. Yerli banklardan kreditlər dənizin dibi ilə yeraltı qaz kəmərinin çəkilməsinə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti