Azərbaycan, Bakı, 24 oktyabr / Trend /
Bakı-Şamaxı avtomobil yolunun yenidən qurulması üzrə tamamlama işlərinin keçirilməsi ilə əlaqədar olaraq oktyabrın 24-ü saat 22:00-dan oktyabrın 26-sı saat 00:00-dək 0-3,5 kilometrlik yol sahəsində hərəkət tamamilə dayandırılacaq. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.
Bu vaxt ərzində Bakı-Şamaxı və Şamaxı-Bakı istiqamətində hərəkət edən nəqliyyat vasitələrinə alternativ yollar təklif olunacaq.
Belə ki, Bakıdan Şamaxıya hərəkət edən nəqliyyat vasitələri Xocahəsən ərazisindən keçərək Hökməli yol dairəsi ilə Şamaxı istiqamətində hərəkəti davam etdirəcək. Şamaxı-Bakı istiqamətində hərəkət edən avtomobillər yuxarıda qeyd olunan yolu əks istiqamətdə keçəcək.