Azərbaycan, Bakı, 10 aprel /Trend/
Azərbaycan Vergilər Nazirliyinin operativ nəzarət tədbirlərinin yekunları üzrə cari ilin mart ayında 1875 vergiödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması halları aşkarlanıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Nəzərdən keçirilən dövr ərzində 1206 vergiödəyicisi nağd hesablamaların aparılması qaydalarını pozub, 124-də xarici valyutanın ödəmə vasitəsi kimi qəbul edilməsi faktları aşkarlanıb. Aparılan tədbirlər nəticəsində vergi orqanlarında qeydiyyata düşmədən fəaliyyət göstərən 108 vergiödəyicisi aşkar edilib, 327 vergiödəyicisi xüsusi razılığın (lisenziya) alınmasını tələb edən sahələrdə xüsusi icazəsiz fəaliyyət göstərib.
Tədbirləri zamanı 51 vergiödəyicisində əmək müqaviləsi bağlanmadan işə cəlb edilən 66 fiziki şəxs aşkar edilib. 154 vergiödəyicisi fərqlənmə nişanları almadan sərnişindaşımaları həyata keçirib.
Aksiz markalarının tətbiqinə nəzarət məqsədilə 13 vergiödəyicisində 557,4 manat dəyərində müvafiq markalanma olmayan 154 mal aşkarlanıb.
Aprelin 10-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.