Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan və Yunanıstan hökumət nümayəndə heyətləri ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üçüncü iclası çərçivəsində ticari-iqtisadi əməkdaşlığın perspektivlərinə baxırlar. İclasın bu ilin noyabrında Bakıda keçirilməsi planlaşdırılır. Bu barədə Trend-ə Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.
"İndi hər iki tərəf hökumətlərarası komissiyanın üçüncü iclasının gündəliyinin hazırlanması və müddətinin razılaşdırılması üzərində çalışır. İclasın yekunları üzrə protokolun imzalanması gözlənilir ki, o, ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafı üzrə əsas istiqamət və təklifləri müəyyən edəcək", - səfir deyib.
Mustafayev əlavə edib ki, hazırda iki ölkə hökumətləri ikitərəfli əməkdaşlığın bu gün 15 sazişdən ibarət olan müqavilə-hüquqi bazasının möhkəmləndirilməsi üzərində fəal iş aparırlar. Bundan əlavə, hazırda yunan və Azərbaycan tərəfi 10-dan artıq yeni hökumətlərarası sazişi nəzərdən keçirir.
Bu gün tərəflər daha bir mühüm sənədin - 2010-2012-ci illərdə Azərbaycan və Yunanıstan arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq proqramının layihəsi üzərində işləyirlər. Səfirin sözlərinə görə, Azərbaycan tərəfi öz təkliflərini yunan tərəfinə təqdim edib və indi bu layihə üzrə cavab təklifləri gözləyir. Bu sənədin imzalanması tərəflərə göstərilən sahələrdə konkret əməkdaşlıq layihələrinə keçməyə imkan verir.