Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir N.İsmayılova/
Çərşənbə axşamı Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Siyəzən və ətraf rayonların 23 sahibkarlıq subyektinə 235 min manat məbləğində güzəştli kredit verib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Bu kreditlər hesabına 40-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - məlumatda deyilir.
Tədbir çərçivəsində iştirakçılar "Siyəzən Aqro" ASC-nin istixana kompleksinin və "Siyəzən Şərab" ASC-nin fəaliyyəti ilə tanış olublar.
Çərşənbə axşamı SKMF Siyəzən və ətraf rayonlarda fəaliyyət göstərən 200-dək sahibkarın iştirak etdiyi növbəti tədbir keçirib.
Həmçinin, "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin verilməsi mexanizmi ilə bağlı sahibkarlar üçün treninq keçirilib.
İlin əvvəlindən ümumilikdə SKMF güzəştli şərtlərlə 1345 sahibkara 102,4 milyon manat ümumi məbləğdə kredit verib. Bunun 99,8 faizi ölkə regionlarının payına düşür. Bu kreditlər 5003 yeni iş yerinin açılmasına xidmət edəcək.