...

"Türk Hava Yolları" Azərbaycana reyslərin sayını artırmaq niyyətindədir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2010 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir S.Əliyev/

Gələn ilin martında Azərbaycana uçuşlarının 20 illiyini qeyd edəcək "Türk Hava Yolları" (THY) Bakıya reyslərinin sayını artırmaq imkanlarını nəzərdən keçirir. Bu barədə "Türk Hava Yolları"nın və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi görüşdə jurnalistlərə aviaşirkətin marketinq və satış şöbəsinin (Şəriq Avropa və Balkan ölkələri üzrə) vitse-prezidenti Mehmet Başpınar deyib.

Onun sözlərinə görə, hazırda İstanbul və Bakı arasında gün ərzində üç reys həyata keçirilir. "Bu ilin baharından reyslərin sayı dördə çatdırılacaq", - Başpınar qeyd edib.

Onun sözlərinə görə, hazırda Gəncəyə də reysin açılması müzakirə edilir. Lakin bu, sərnişin axınından və aviaşirkətin hava gəmilərinin olmasından asılı olacaq. Bu gün THY törəmə aviaşirkəti olan "AnadoluJet" vasitəsilə (Türkiyə daxilində büdcə aviaxətləri) Naxçıvana uçuşlar həyata keçirir.

Mehmet Başpınarın dediyi kimi, hazırda THY-nin Azərbaycana və əks istiqamətdə marşrutları üzrə reyslərinin yüklənməsi 80 faizə yaxındır, bu isə yaxşı göstəricidir.

Dekabrın 9-dan etibarən aviaşirkət Bakı reysinə bu yaxınlarda alınan Airbus A-330 təyyarələrindən birini buraxıb. Bu təyyarənin sərnişin oturacaqlarının sayı 295-ə çatır. Bu hava gəmisinin Azərbaycana uçuşları dekabrın 19-dək davam edəcək. "Lakin gələcəkdə sərnişin axınının artacağı təqdirdə, məsələn, bayram günlərində bu təyyarələr Azərbaycan üzrə marşrutlarda yenidən istifadə edilə bilər", - Başpınar qeyd edib.

Onun sözlərinə görə, gələn ildən etibarən Türkiyə illik ticarət festivallarının keçirilməsinə başlayır. Bu tədbirlər martın ortalarından aprelin ortalarınadək keçiriləcək və müxtəlif növ mallara böyük endirimləri (analoji festival Dubayda da keçirlir və çoxlu turistlər cəlb edir) nəzərdə tutur.

Başpınar bildirib ki, THY-nin xidmətlərindən istifadə edəcək sərnişinlər üçün böyük güzəştli kampaniyalar nəzərdə tutulub. Xüsusən də onlar vergilər ödənilmədən aparılan baqajın sayının normativdən çox artırılmasını əhatə edə bilər.

THY nümayəndəsinin sözlərinə görə, aviaşirkət artıq bu gün sərnişinləri üçün kifayət qədər cəlbedici şərtlər təklif edir. Məsələn, İstanbuldan tranzitlə uçan və aeroportda müvafiq reysi gözləməkdə xeyli vaxt itirən sərnişinlər üçün şəhərin görməli yerlərinə pulsuz turlar təklif olunur. Yaxın vaxtlarda bu turların sayına Bosfor boğazına tur təklif edən "Bogaz tour" əlavə ediləcək.

Aviadaşımalar bazarının böhrandan sonrakı perspektivlərini qiymətləndirən Başpınar qeyd edib ki, bu gün dünyada az da olsa artım müşahidə edilir. Bazar əsasən artır, proqnozlara görə, gələcəkdə də Asiyanın sürətlə inkişaf etməkdə olan regionları sayəsində xeyli artacaq.

Azərbaycan jurnalistləri THY-nin pilotların və stüardessaların hazırlanması üzrə texniki mərkəzi, təlim və aviaşirkətin işi zamanı tətbiq edilən avadanlıqla tanış olublar.

Xəbər lenti

Xəbər lenti