Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbirlər Ü.İsmayılova, M.Əliyev/
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspertiza üzrə komissiyanın strukturunu təkmilləşdirir. Bu barədə çərşənbə günü əmək nazirinin müavini İlqar Rəhimov deyib.
"İndiyədək komissiyalar zonalar üzrə fəaliyyət göstərib və hər zonaya orta hesabla 5 minə yaxın əlilin qeydə alındığı 5-6 rayon daxil idi. İşin belə həcmi bu komissiyaların işində müəyyən çətinliklər yaradır", - Rəhimov bildirib.
Onun sözlərinə görə, nazirlik ölkə hökumətinə tibbi-sosial ekspertiza üzrə komissiyanın sayının indiki 20-dən 38-dək artırılması ilə bağlı müraciət edib.
Nazir müavininin sözlərinə görə, komissiyaların işinin yüngülləşdirilməsi əlillər üçün ekspert rəylərinin hazırlanması ilə bağlı vəziyyəti yaxşılaşdıracaq.
"Nazirlik hökumətə əlillik qrupunun alınması üçün daha dəqiq və ciddi səbəbləri nəzərdə tutan əlillik kriteriyalarının müəyyənləşdirilməsinin sərtləşdirilməsi ilə də bağlı müraciət edib. Bu kriteriyalar əlillik qrupunun alınması üçün təkliflərin azaldılması məqsədilə sərtləşdirilir", - Rəhimov qeyd edib.