...

Dünya Bankının Azərbaycan üzrə yeni baş iqtisadçısı təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2011 16:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbirlər İ.Xəlilova, N.İsmayılova/

Raşmi Şankar Dünya Bankının (DB) Azərbaycan üzrə yeni baş iqtisadçısı təyin olunub. Bu barədə Trend-ə bankın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səidə Bağırlı məlumat verib. Əvvəllər bu vəzifəni Kristos Kostopulos tutub.

"DB-nin yeni baş iqtisadçısı martda Azərbaycanda olub", - Bağırlı qeyd edib.

Onun sözlərinə görə, Şankar ölkəyə mayda gələcək və iyunadək Bakıda olacaq. Səfərin məqsədi ölkənin uzunmüddətli iqtisadi inkişafı üzrə ikinci forumun keçirilməsinə hazırlıq, eləcə də makroiqtisadi məsələlərin müzakirəsi üçün analitik işlərin aparılması olacaq.

Azərbaycanın uzunmüddətli iqtisadi inkişafına dair 2009-cu il oktyabrın 21-də keçirilən birinci forumun yekunları üzrə gələcək inkişaf məqsədilə ölkə iqtisadiyyatının şaxələndirilməsini, eləcə də irəliləyiş və nəticələrin qiymətləndirilməsi üçün yeni forumun keçirilməsini nəzərdə tutan fəaliyyət planının hazırlanması ilə bağlı razılıq əldə olunub. Forum Azərbaycan hökuməti və DB tərəfindən Bakıda təşkil olunmuşdu və bankın sərəncamçı direktoru Nqozi Okonco-İvealanın iştirakı ilə keçirilmişdi.

Martda Vaşinqtonda DB-nin ABŞ-dakı ofisində Azərbaycan günləri keçirilib. Tədbir çərçivəsində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmov DB prezidenti Robert Zelliklə görüşdə bildirib ki, belə tədbir əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltməyə imkan verəcək. Azərbaycan bankın ikinci iqtisadi forumunun işində iştirakda maraqlıdır. Bununla əlaqədar Vaşinqtonda müvafiq müzakirələr aparılıb.

Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.

Xəbər lenti

Xəbər lenti