...

Azərbaycan və Polşa sosial təminat məsələlərini müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2011 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Axundov/

Polşa Sosial Sığorta Təşkilatının prezidenti, Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa şəbəkəsinin (ISSA) rəhbər komitəsinin sədri Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Avropada işləyən azərbaycanlıların və Azərbaycanda işləyən Polşa vətəndaşlarının sosial təminat məsələləri müzakirə ediləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib. Polşa nümayəndə heyəti mayın 22-dək Bakıda olacaq.

Onun sözlərinə görə, Derdzyuk Azərbaycanda ISSA-nın regional nümayəndəliyinin açılışına hazırlıq prosesi ilə tanış olacaq.

Derdzyukun jurnalistlərə dediyinə görə, Azərbaycan və Polşa sosial müdafiə sahəsində çoxdandır əməkdaşlıq edir və bu səfərin məqsədi Azərbaycan və DSMF ilə münasibətlərin gələcək inkişafının möhkəmləndirilməsidir.

"Hər ölkənin özünün spesifik pensiya sistemi var. Lakin biz qloballaşmanın nəticələrini nəzərə almalıyıq. Pensiya sistemləri qloballaşmanın çağırışlarına cavab verməlidir və biz bu istiqamətdə işləyirik", - o bildirib.

Polşa nümayəndə heyətinin Azərbaycanın regionlarına da səfəri gözlənilir.

Səfər zamanı ISSA-nın Avropa şəbəkəsinin yaxın perspektiv üçün fəaliyyəti, eləcə də DSMF və Polşa Sosial Sığorta Təşkilatının gələcək əməkdaşlıq istiqamətləri müzakirə ediləcək.

Bundan başqa, müzakirələr zamanı gündəlikdə sosial sığorta və pensiya təminatı sahəsində islahatlar, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, kadr potensialının inkişafı məsələləri olacaq.

Qonaqların Azərbaycanın bir sıra rəsmi orqanlarında görüşləri, DSMF-nin aparatı və onun şöbələrinin fəaliyyəti ilə tanışlıq da gözlənilir.

Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri dünən başlayıb.

Xəbər lenti

Xəbər lenti