Azərbaycan, Bakı, 31 may /Trend, müxbir N.İsmayılova/
"BTB Bank" ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycanın İpoteka Fondunun müvəkkil agenti olub.
Nəticədə AİF-in müvəkkil banklarının sayı 23-ə çatıb.
"BTB Bank" Vergilər Nazirliyində kommersiya fəaliyyəti üçün dövlət qeydiyyatından 2010-cu il fevralın 24-də keçib və martın sonunda ölkənin Mərkəzi Bankından bank fəaliyyəti göstərmək üçün lisenziya alıb. "BTB Bank" 12 milyon manat nizamnamə kapitalına malikdir.
Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.
Hazırda İpoteka Fondunun müvəkkil agenti qismində 23 bank, 19 sığorta şirkəti və 12 qiymətləndirmə təşkilatı çıxış edir.
Mayın 31-nə olan rəsmi məzənnə 0,7894 AZN/USD təşkil edir.