...

Azərbaycan və Bolqarıstan əməkdaşlığın prioritetlərini müəyyənləşdiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2011 13:33 (UTC +04:00)
2011-ci ilin səkkiz ayı ərzində Azərbaycanla Bolqarıstan arasında mal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfə artıb.
Azərbaycan və Bolqarıstan əməkdaşlığın prioritetlərini müəyyənləşdiriblər

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Axundov/

2011-ci ilin səkkiz ayı ərzində Azərbaycanla Bolqarıstan arasında mal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfə artıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev cümə axşamı Bakıda keçirilən Azərbaycan və Bolqarıstan Biznes Forumunda bildirib.

Onun sözlərinə görə, ixrac əməliyyatları beş dəfə, idxal isə 52 faiz artıb.

"Hər iki ölkə tikinti, elektrik avadanlıqlarının istehsalı, alternativ enerji mənbələrindən istifadə, toxuculuq və qida sənayesi, eləcə də nəqliyyat kimi sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlara malikdir", - Mustafayev deyib.

Nazir iş adamlarını qarşılıqlı əlaqələrin nizamlanmasında fəal iştiraka çağırıb.

"Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın gələcək inkişafı üçün etibarlı hüquq-müqavilə bazası yaradılıb. İki ölkə arasında iqtisadi sahədə 10-dan artıq saziş imzalanıb və onların arasında ən mühümü ticarət sahəsindəki sazişdir", - Mustafayev deyib.

2009-cu illə müqayisədə ötən il iki ölkə arasında mal dövriyyəsi doqquz faiz artıb.

Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun sözlərinə görə, ölkəsi Avropa bazarları üzrə genişlənmə üçün nisbətən ən rahat platformadır.

"Bizdə vergi dərəcələri aşağı və inzibati qaydalar sadədir. Bolqarıstan ölkədə biznes qurmaq üçün yaxşı keyfiyyət və qiymət nisbətinə malikdir", - Traykov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan şirkətləri ekologiya, elektrotexnika, tikinti və loqistika, toxuculuq və qida sənayesi sahələrində uğurla əməkdaşlıq qedə bilərlər.

Forumda sənaye, turizm, tikinti, maliyyə sektoru və iqtisadiyyatın digər sahələrini təmsil edən 80-ə yaxın sahibkar iştirak edib.

Xəbər lenti

Xəbər lenti