...

Göyçayın su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə tender başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə keçirilən beynəlxalq tenderə yekun vurulub.

"Azərsu" ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, 7 şirkətin qatıldığı müsabiqənin nəticələrinə görə Türkiyənin ATİNAK şirkəti daha sərfəli şərtlər təklif edərək tenderin qalibi olub və həmin şirkətlə "Azərsu" arasında müqavilə imzalanıb. Layihə çərçivəsində Göyçay şəhərində tikintisinə başlanmış suqəbuledici qurğular kompleksinin inşası başa çatdırılacaq, şəhərin içməli su və kanalizasiya şəbəkələri yenidən qurulacaq. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılacaq işlərə 2011-ci ilin dekabrında başlanacaq və tikintinin 18 ay müddətinə tamamlanması nəzərdə tutulur.

Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Asiya İnkişaf Bankı ilə birlikdə "Şəhər su təchizatı və kanalizasiya layihəsi" və "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində həyata keçirilir. 2010-cu ildə icrası başa çatmış "Şəhər su təchizatı və kanalizasiya layihəsi"nə uyğun olaraq "Göyçay Sukanal" Törəmə Açıq Səhmdar Cəmiyyəti üçün zəruri maşın və mexanizmlər alınıb, şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə 3 subartezian quyu qazılıb, sugötürücü kamera və xlorator binası daxil olmaqla həcmi 2500 kubmetr olan yeni su anbarı inşa edilib. Eyni zamanda, yeni laboratoriya binası, nasos stansiyası tikilib, nasosların normal iş rejiminin təmin edilməsi üçün yeni elektrik xətləri çəkilib. Bununla yanaşı, "Göyçay Sukanal" TASC üçün yeni ofis binası və istehsalat bazası inşa edilib.

Xəbər lenti

Xəbər lenti