...

Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı iki dəfə artacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2011 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan gələcək 10 il ərzində ÜDM-i iki dəfə artıracaq. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev cümə günü "Azərbaycan" qəzetində dərc olunmuş müsahibəsində bildirib.

"Hazırda qarşıda duran ən vacib vəzifə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kimi, gələcək 10 ildə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisinin 80 faizə çatdırılmasıdır", - nazir deyib.

Mustafayevin sözlərinə görə, bu məqsədlə innovativ inkişafın hərtərəfli stimullaşdırılması, sənayeləşmə siyasətinin davam etdirilməsi, sənaye zonalarının yaradılması, müasir texnologiyalar əsasında rəqabət qabilliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi kimi tədbirlər həyata keçirməklə, Azərbaycan iqtisadiyyatının mümkün qısa vaxt ərzində modernləşdirilməsi ön plana çıxıb.

"İqtisadiyyatın modernləşdirilməsi iqtisadi artımın təmin olunması, eləcə də mövcud olan və gələcəkdə gözlənilən iqtisadi və sosial çağırışlara cavab vermək üçün şərait yaradacaq", - Mustafayev deyib.

Nazirin sözlərinə görə, müasir texnologiyaların tətbiqi ilə sənayedə yeni məhsul istehsalı 2007-ci illə müqayisədə 2010-cu ildə 5 dəfəyə yaxın artıb.

O bildirib ki, son 7 il ərzində ÜDM 3 dəfə, sənaye məhsulunun ümumi həcmi 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar isə 2,9 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti