Azərbaycan, Bakı, 24 dekabr / Trend müxbir N.İsmayılova /
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan Mərkəzi Bankının (AMB) 2,5 milyard manat həcmində qısamüddətli not emissiyası prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü komitənin məlumatında deyilir.
Not emissiyasının yerləşdirilməsi 2012-ci ilə nəzərdə tutulub. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 25 milyon istiqraz qeydiyyata alınıb.
AMB üç rüb ərzində sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi çərçivəsində ümumi həcmi 987 milyon manat olan not buraxıb. Hərraca çıxarılan 617 milyon manatlıq notdan 519,7 milyon manatı yerləşdirilib. Son hərraclar üzrə notların orta gəlirliliyi 2,72 faiz təşkil edib. Hərçənd ilin əvvəlində bu göstərici 2,2 faiz olub.
Bu həftənin sonuna olan məlumata görə, dövriyyədə olan notların həcmi 68,7 milyon manat təşkil edir.
2011-ci il üzrə Mərkəzi Bank iki milyard manatlıq emissiya prospekti yerləşdirib.
Dekabrın 24-nə rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.