Azərbaycan, Bakı, 31 yanvar /Trend müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ildə nəzərdə tutulan 200 milyon manatdan çox güzəştli kredit verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Fond 2012-ci ilin yanvarında 12,5 milyon manat dəyərində 161 kredit ayırıb. Kreditlər əvvəl verilən kreditlərin qaytarılması hesabına təqdim edilib.
Abdullayevin sözlərinə görə, 2012-ci ildə 110 milyon manat dəyərində kreditlərin qaytarılması planlaşdırılır.
Ötən il ümumilikdə SKMF 1643 investisiya layihəsinin maliyyələşdirilməsinə 138 milyon manat ayırıb. Bu həcmdən kreditlərin 25 faizi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, 75 faizi isə əvvəl verilən kreditlərin qaytarılması hesabına maliyyələşdirilib. Bu investisiya layihələrinin həyata keçirilməsi 6500-ə qədər yeni iş yerinin açılmasına kömək edir.
SKMF 2011-ci ildə 162 məcburi köçkünə 5,9 milyon manat dəyərində güzəştli kredit təqdim edib. Fond ötən il ərzində yeni texnologiyaların tətbiqinə əsaslanan 85 istehsalatın yaradılmasına 118 milyon manat yönəldib. 2012-ci ildə güzəştli kreditlər təqdim edilən 33 istehsalat, emal və infrastruktur müəssisə fəaliyyətə başlayıb. 2012-ci ildə daha 96 belə müəssisənin istismara verilməsi planlaşdırılır.
SKMF fəaliyyəti dövrü ərzində ümumilkdə 12,5 mindən çox sahibkara təxminən 720 milyon manat (915,56 milyon dollar) verib. Bu da 95 min yeni iş yerinin açılmasına imkan yaradıb.
SKMF 1992-ci ildə yaradılıb.
Yanvarın 31-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.