Azərbaycan, Bakı, 3 fevral /Trend müxbir N. İsmayılova/
Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Qırğızıstanın gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulov bu gün Bakıda əmək və məşğulluq sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə cümə günü nazirliyin məlumatında deyilir.
Görüşdə, həmçinin iki ölkə arasında əmək və məşğulluq, əmək miqrasiyası, əməyin mühafizəsi, əməyin təftişi, insan ehtiyatlarının planlaşdırılması və inkişafı, əmək bazarının monitorinqi, işçi qüvvəsinin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, işsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, sosial tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi və digər sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüş zamanı qədim tarixə və zəngin mədəniyyətə malik qırğızlar və azərbaycanlılar arasında ortaq milli-mədəni dəyərlər, iki ölkə arasında qarşılıqlı etimad və anlaşma mühitinin olduğu, ənənəvi dostluq və əməkdaşlıq əlaqələrinin davam etdirildiyi vurğulanıb.
Ələkbərovun sözlərinə görə, Azərbaycan Qırğızıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına daim hazırdır, bunun üçün nazirlik bütün lazımi şəraiti yaradır. Nazir bu görüşün əməkdaşlığın inkişafı üçün uğurlu bir addım olacağına əminliyini ifadə edib.
Alımkulov, öz növbəsində Qırğızıstan hökumətinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət ayırdığını qeyd edib.