Azərbaycan, Bakı, 15 mart / Trend, müxbir H.Vəliyev /
Azərbaycanın Dövlət Əmlak Məsələləri Komitəsi öz internet resursunda elektron xidmətləri işə salıb. Trend-in məlumatına görə, bu barədə Komitənin nümayəndələri cümə axşamı keçirilən daşınmaz əmlakın elektron qeydiyyatı layihəsinin təqdimatında bildiriblər.
Dövlət strukturunun səhifəsində elektron xidmətlərin göstərilməsi qaydaları, müraciətlərin elektron formada təqdim olunması qaydaları, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumları haqqında məlumat, xidmətlərin dəyəri və başqa məlumatlar yerləşdirilib.
Layihə Saybernet və Netcad şirkətləri konsorsiumu tərəfindən həyata keçirilib.
Həmin şirkətlər bundan sonra da elektron qeydiyyatın məlumat sisteminin formalaşdırılması ilə məşğul olacaqlar. Onun yaradılması daşınmaz əmlak bazarının dinamik inkişafına və bu sahədə şəffaflığa yardım edir.
Bununla yanaşı, Komitə tərəfindən elektron arxivin yaradılması üzrə işlər reallaşdırılıb və bu gün daşınmaz əmlakın elektron qeydiyyatı layihəsi çərçivəsində əmlaka dair 190 mindən artıq sənəd kağız daşıyıcılardan elektron formaya keçirilib və milli qeydiyyat sisteminin məlumat bazasına daxil edilib.
Sistemin informasiya təhlükəsizliyinin təmin olunması üzrə işlər də həyata keçirilib.
Elektron qeydiyyatı həyata keçirən 18 regional orqanın məlumat bazası vahid məlumat bazasına qoşulub.
Fevralın 1-dən başlayaraq daşınmaz əmlakın dövlət reyestri xidmətinni bütün yerli ofisləri öz fəaliyyətlərində bu bazadan istifadə edirlər.
İndi elektron xidmətlərin təşkili üçün proqram tərkibinin yaradılması üzərində işlər başa çatır.
Daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətlər iki mərhələdə həyata keçiriləcək.
Martın 1-dən başlayan birinci mərhələ vətəndaşların müraciətlərini elektron formada təqdim etmələrini nəzərdə tutur. Xidmətə çıxış emdkdedrx.gov.az saytında "elektron xidmətlər" bölməsindədir.