...

"AccessBank" Azərbaycan regionlarında filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2012 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may /Trend/

"AccessBank" ölkənin qərbində - Şəmkir şəhərində öz növbəti filialını açıb.

Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, bu filialın açılması ilə bankın filiallarının ümumi sayı 33-ə, regional filialların sayı isə 15-ə çatıb. AccessBank-ın filiallarının böyük əksəriyyəti kimi, yeni filial da həm fiziki, həm də hüquqi şəxslərə tam çeşidli xidmətlər göstərəcək. Bu xidmətlərə cari və əmanət hesablarının açılması, Visa plastik kartlarının rəsmiləşdirilməsi, həm ölkə daxilində, həm də xarici ölkələrə pul köçürülməsi və əlbəttə ki, kiçik, biznes və istehlak kreditlərinin verilməsi aiddir.

AccessBank-ın filial şəbəkəsi ildən-ilə daha çox regionu əhatə edir. Bank bu yolla paytaxtdan kənarda yaşayan əhalinin bank məhsullarından istifadə etməsinə imkan yaradır, ən əsası isə regionlarda biznesin inkişafına töhfə verir. Bu, təsisçilərin bankın qarşısına qoyduğu əsas məqsədlərdən biridir.

AccessBank-ın baş meneceri Andrev Pospielovsky filialın açılışını şərh edərək deyib: "AccessBank" Şəmkirdə artıq 3000-dən artıq müştərini maliyyələşdirir. İndiyədək bu müştərilərə AccessBank-ın Gəncə filialları tərəfindən xidmət göstərilirdi ki, bu da Şəmkirdən 39 km aralıda yerləşir. Mən çox şadam ki, indi AccessBank Şəmkir rayonundan olan cari və gələcək müştərilər üçün daha yaxın və daha rahatdır. AccessBank öz müştərilərinə göstərilən xidmətləri daim təkmilləşdirməyə çalışır".

АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank Fitch beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010-2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KfW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən AccessHolding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti