Azərbaycan, Bakı, 30 may /Trend, müxbir A.Axundov/
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti monitorinq iştirakçıları tərəfindən məlumatların xidmətə təqdim eilməsi qaydalarını yeniləyib.
Qaydların yeni variantı Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib və 2012-ci ilin mayında qüvvəyə minib.
Trend-in məlumatına görə, bu barədə xidmətin bir gün əvvəl yaydığı məlumatda deyilir.
Qaydaların yeni variantındakı əsas dəyişikliklər monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Maliyyə Monitorinqi Xidmətinə ötürülməsi, qəbulu və emalı sisteminin müasir informasiya texnologiyaları əsasında elektronlaşdırılmasından irəli gələn tələblər üzrədir.
Qaydaların yeni variantı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=5349
Bir müddət əvvəl monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən Maliyyə Monitorinqi Xidmətinə təqdim edilən məlumatların qəbulu, emalı və təhlili üzrə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) məhsulu olan "goAML" analitik sistemi tətbiq edilmişdi.
Yeni sistemin tətbiqi ilə əlaqədar Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tənzimlənmə sisteminin əsaslandığı normativ hüquqi bazanın da təkmilləşdirilməsi təmin edilib.