...

Azərbaycanda toxuculuq kombinatının özəlləşdirilməsi üzrə müsabiqə elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2012 12:17 (UTC +04:00)
Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi "H.Z. Tağıyev adina Toxucutikişsənaye kombinatı" ASC-nin səhmlərinin 98,09 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda toxuculuq kombinatının özəlləşdirilməsi üzrə müsabiqə elan edilib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan Dövlət Əmlak Məsələləri Komitəsi "H.Z. Tağıyev adina Toxucutikişsənaye kombinatı" ASC-nin səhmlərinin 98,09 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin mətbu orqanı "Mülkiyyət" qəzetində dərc olunmuş məlumatda deyilir.

Müsabiqəyə təqdim olunan səhmlər investisiya müsabiqəsinin standart paketindən (85 faiz) və səhmlərin əmək kollektivi üzvlərinə güzəştli satışından qalan hissəsindən (13,09 faiz) ibarətdir.

İddiaçılar yüksək keyfiyyətli parçanın təminatı üçün müəssisənin fəaliyyətinin bərpası üzrə təkliflərlə investisiya proqramını, həmçinin kombinatda müasir texnologiyaların tətbiqi, çeşidin genişlənilməsi, yeni iş yerlərinin yaradılması barədə təkliflər təqdim etməlidirlər.

İddiaçılar həmçinin investisiya təklifinin beş faizi həcmində bank zəmanətini, şərtlərin və müsabiqə tələblərinin icrası üzrə niyyətlərin ciddiliyinin sübutu üçün iddiaçı 250 min manatda istənilən bankın zəmanət məktubunu da təqdim etməlidir.

2012-ci il sentyabrın 1-nə olan məlumata görə, ASC-nin nizamnamə kapitalı 1 401 274 manat təşkil edir. Satışa çıxarılan 700 637 səhmin hər birinin nominal dəyəri iki manatdır. İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 687 262 ədəd, onların ümumi nominal dəyəri isə 1 374 524 manatdır.
Müəssisənin 3 226 420 manat məbləğində borcu var. O cümlədən əməkhaqqı üzrə borclar 835 857 min manat, mal, iş və xidmətlərə görə borclar 2 390 563 manat təşkil edir. Bununla yanaşı, müəssisənin debitor borcları 2 522 879 manatdır.
Müəssisə 1894-cü ildən fəaliyyət göstərir, pambığın əyrilməsi, pambıq parçaların istehsalı və rənglənməsi ilə məşğuldur. Müəssisədə 698 nəfər çalışır.

İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış olmaq və əlavə məlumat əldə etmək üçün 20 noyabr 2012-ci il tarixinə qədər, saat 10:00-dan 17:00-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri. Y.Səfərov küçəsi, 20.
Sənədlər və təkliflər 20 noyabr 2012-ci il saat 10:00-dan 17:00-dək qəbul edilir.

Təkliflərə Dövlət Komitəsinin binasında Müsabiqə Komissiyası tərəfindən 22 noyabr saat 11:00-dək baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti