Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir C.Nəsibova/
Bakıda regional mərkəzə çevriləcək beynəlxalq maliyyə mərkəzinin yaradılması mümkündür. Trend-in məlumatına görə, bu barədə MDB-nin Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov cümə axşamı "MDB-nin maliyyə bazarları: yeni imkanlar və qlobal risklər" mövzusunda Birlik dövlətlərinin V Bakı Beynəlxalq Bank Konfransı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"Ümid edirik ki, Bakıda belə bir mərkəz yaradılacaq və gələcəkdə qurumun fəaliyyəti Moskva, Kiyev və Almatı maliyyə mərkəzləri ilə əlaqəli olacaq", - Kazakov bildirib.
Onun sözlərinə görə, MDB-nin vəzifəsi Birlik çərçivəsində gələcəkdə dünyada güclü mərkəzlərdən biri olacaq beynəlxalq maliyyə mərkəzinin yaradılmasıdır.
"Əgər ərəb ölkələri 5 il ərzində bunu etməyi bacardılarsa, bizə daha çox vaxt tələb olunacaq, lakin artıq istiqamət müəyyənləşib", - Kazakov vurğulayıb.
Konfransda davam edən dünya iqtisadi böhranı şəraitində MDB-nin maliyyə bazarlarının sabitliyinin artırılması, MDB-nin azad ticarət zonası haqqında qəbul edilən müqavilə nəzərə alınmaqla qarşılıqlı fəaliyyətin yeni imkanları, alternativ maliyyə məhsulları və perspektiv texnologiyaların tətbiqi, MDB-də İslam bankçılığının inkişafı, MDB ölkələrinin inkişaf proqramının həyata keçirilməsi üçün əhalinin vəsaitlərinin cəlb edilməsi imkanları ilə bağlı məsələlər müzakirə edilir.