Azərbaycan, Bakı, 18 yanvar /Trend/
"Azərlotereya" ASC-nin yeni il qabağı keçirdiyi lotereya oyunlarının qaliblərinə uduşlar təqdim olunub.
İİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 9-da "Space" telekanalında canlı yayımda Gədəbəy sakini Səkinə Bayramovaya "Yeni il Sevincləri" lotereyasında qazandığı "Hyundai SantaFe", Lənkəran şəhər sakini Fərid Rəhimliyə "Qış Möcüzəsi" lotereyasında udduğu "Dodge Durango", Mingəçevir sakini Zəminə Həsənovaya "Super Binqo" oyununda qazandığı "Kia Optima" avtomobilləri təqdim olunub.
Yanvarın 16-da isə "Space" telekanalında canlı yayımda Bakı sakini Samir Elvüsala "Super Binqo" lotereyasında qazandığı "Volkswagen Passat" avtomobilinin açarı təqdim edilib.
2013-cü il də lotereya həvəskarları üçün uğurlu başlayıb. Belə ki, yanvarın 7-də "Binqo" lotereya oyununda Sumqayıt sakini Ezangül Əliyeva "Chevrolet Aveo" avtomobilinə, Tərtər sakini Məhəmməd Məmmədov "Klassik Loto" lotereyasında "Nissan Sunny" avtomobilinə sahib oldular.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin bütün tirajlı lotereyalarında əsas uduşların məbləği 100 min manatı ötüb. Bu isə 2013-cü ildə keçirilən hər hansı bir lotereya oyununda ilk əsas uduşun rekord həddə olacağını göstərir.