...

"TBC Kredit" 8,5 milyon dollar həcmində xarici vəsait cəlb edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2013 17:02 (UTC +04:00)
2012-ci ildə "TBC Kredit"in kredit portfeli 2011-ci ilin dekabrın sonuna olan göstəricilərlə müqayisədə 33 faiz artıb. 31 dekabr 2012-ci il tarixinə kredit portfeli 3860 aktiv kreditlə 36,6 milyon dollara çatıb.
"TBC Kredit" 8,5 milyon dollar həcmində xarici vəsait cəlb edib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

2012-ci ildə "TBC Kredit"in kredit portfeli 2011-ci ilin dekabrın sonuna olan göstəricilərlə müqayisədə 33 faiz artıb. 31 dekabr 2012-ci il tarixinə kredit portfeli 3860 aktiv kreditlə 36,6 milyon dollara çatıb.

Kredit təşkilatından cümə axşamı Trend-ə verilən məlumata görə, portfeldə 47 faizlə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı, müvafiq olaraq, 20 faiz və 33 faizdir. Maliyyələşdirilməsi 3,5 il bundan əvvəl başlayan mikrobiznes kreditləri biznes portfelinin demək olar ki 50 faizini təşkil edir.

Keçən ilin göstəriciləri ilə müqayisədə istehlak və mikrobiznes kreditlərinin verilməsi həcmi artıb. Belə ki, istehlak kreditləri portfeli 43 faiz (31 dekabr 2012-ci ilə 12,2 milyon dollar, 31 dekabr 2011-ci ilə 8,52 milyon dollar), mikrobiznes kreditləri portfeli isə 110 faiz artıb (31 dekabr 2012-ci ilə 8,4 milyon dollar, 31 dekabr 2011-ci ilə 4 milyon dollar). Kreditləşmənin belə artımı kreditlər üzrə əlverişli və sərfəli şərtlərin təqdim olunması ilə əlaqədardır.

Ötən il "TBC Kredit" kredit portfelinin keyfiyyətini qoruyub saxlayıb, kreditləşmənin həcmini artırıb və uzunmüddətli vəsait cəlb edib. Şirkət 2012-ci il ərzində beynəlxalq maliyyə institutlarından ümumi məbləği 8,5 milyon dollar olan bir neçə hissə ilə vəsait əldə edib ki, onların arasında "MicroVest, "responsAbility Social Investments AG" və "Triple Jump" var.

2013-cü ilin sonuna "TBC Kredit" kredit portfelini 45 milyon dollara qədər artırmağı planlaşdırır. Prioritet olaraq biznes layihələrin maliyyələşdirilməsi qalır.

"TBC Kredit Bank Olmayan Kredit Təşkilatı" Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75 faizi Gürcüstanın aparıcı bankı olan "TBC Bank"a, 25 faizi isə "ShoreBank International Ltd" (ABŞ) şirkətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti