Azərbaycan, Bakı, 20 avqust / Trend, müxbir M.Əliyev/
"Bulla-dəniz" yatağındakı 90 saylı axtarış quyusunda baş vermiş qəzanın aradan qaldırılması üçün yaradılmış komissiyanın ilk iclası keçirilib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirilib.
ARDNŞ-nin vitse-prezidenti Rəhman Qurbanovun sədrlik etdiyi komissiyanin tərkibinə şirkətin və Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə üzrə təcrübəli mütəxəssisləri daxil edilib.
"BP-Azərbaycan" şirkətinin kömək üçün ARDNŞ-yə müraciəti nəzərə alınaraq, bu şirkətin nümayəndələri də müşavirəyə dəvət olunublar. Qəza baş vermiş obyektdə vəziyyət haqda məlumatlar və bu vəziyyətdən çıxış yolları haqqında təkliflər, o cümlədən "BP-Azərbaycan" şirkətinin təklifləri dinlənilib. Müzakirələrdən sonra iştirakçıların yekdil rəyinə əsasən, yanğının söndürülməsi işinin ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş hissəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının birgə səyləri əsasında həyata keçirilməsi qərara alınıb.