...

Azərbaycan fermerləri kənd təsərrüfatı texnikalarının alınması üçün kömək istəyirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2013 18:01 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov sentyabrın 13-də saat 11:00-da Daşkəsən, Göygöl, Goranboy, Yevlax, Kəlbəcər, Xocalı və Samux rayonlarının sakinləri ilə görüşüb.
Azərbaycan fermerləri kənd təsərrüfatı texnikalarının alınması üçün kömək istəyirlər (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov sentyabrın 13-də saat 11:00-da Daşkəsən, Göygöl, Goranboy, Yevlax, Kəlbəcər, Xocalı və Samux rayonlarının sakinləri ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdən əvvəl nazir "Suliddinoğlu" MMC-nin 160 baş mal qarası olan heyvandarlıq fermasına baş çəkib. İ.Abasov Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, heyvanlar arasında virus xəstəliyinin yayılması ilə əlaqədar zamanında ölkə rəhbərinin bilavasitə göstərişi ilə baytarlıq tədbirlərinin keçirilməsinə 2 milyon 350 min manat vəsait ayrıldığını diqqətə çatdırıb.

Görüşdə fermer öz təsərrüfatındakı mal-qaranın cins tərkibi, məhsuldarlığı barədə geniş məlumat verib. Fermer hazırda süd məhsullarının yerli əhaliyə satışından əldə etdiyi vəsaitə öz təsərrüfatını daha da genişləndirmək istəyini söyləyib. Görüş iştirakçıları fermerin istehsal etdiyi süd məhsullarının keyfiyyətinə də baxış keçiriblər. Nazir yeni alınmış cins mal-qaranın daha da artırılması üçün süni mayalama və damazlıq işinin gücləndirilməsini tövsiyə edib, həmçinin heyvandarlığın inkişaf etdirilməsi və heyvandarlıq məhsullarının artırılmasında güclü yem bazasının yaradılmasını həlledici amil kimi qiymətləndirib.

Nazir son vaxtlar ölkənin bir sıra rayonlarında yayılmış Bunyavirus xəstəliyinin təsərrüfatda heyvanlara yoluxma vəziyyəti ilə tanış olub, həmçinin baytarlıq mütəxəssislərinin xəstəliyin qarşısının alınmasında həyata keçirdiyi tədbirlərlə maraqlanıb. Bölgə baytarlıq xidmətinin yerlərdə apardığı tədbirlərin nəticəsini görmək məqsədilə İ.Abasov bir neçə fərdi təsərrüfatda artıq müalicə olunmuş mal- qaraya baxış keçirib, bölgənin baytar həkimlərinə öz məsləhət və tövsiyələrini verib.

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar: istehsal edilmiş taxıl toxumunun satışına köməklik göstərilməsi; süni mayalanma yolu ilə alınmış hər bir balaya görə dövlət tərəfindən subsidiyaların verilməsi; kənd təsərüffatı məhsul istehsalçıları üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi; müxtəlif kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi: baytarlıq ləvazimatları ilə təchizatın yaxşılaşdırılması; quşçuluğun inkişafına dövlət dəstəyi; heyvandarlığın inkişafına kreditlərin verilməsi; mini inəksağan aqreqatın alınmasına kömək göstərilməsi; üzümçülük sahəsinin inkişafına kreditlərin verilməsi və istehsal olunmuş məhsulun satışına kömək göstərilməsi; cins damazlıq düyələrin alınmasına kömək göstərilməsi; rayonlaşdırılmış kartof toxumunun alınmasına kömək göstərilməsi; pambıqçılığın inkişafına dövlət dəstəyi; taxılyığan kombayının alınmasına köməklik göstərilməsi və digər məsələlər; tədarük məntəqələrini yaradılması.

Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeliyində olan qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarında olan 60 vətəndaşın müraciətinə baxılıb.

Nazir hər bir vətəndaşın müraciətini diqqətlə araşdırıb, müraciətlərin çox hissəsi isə müvafiq qurumlarla "skype" vasitəsilə canlı əlaqə yaradılaraq yerində həll olunub, qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti