...

DSMF-yə qeyri-büdcə sektoru üzrə daxilomalar artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2013 10:46 (UTC +04:00)
2013-cü ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ilkin məlumatlara əsasən, 1977,9 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 37,3 mln. manat və ya 1,9 faiz çoxdur.
DSMF-yə qeyri-büdcə sektoru üzrə daxilomalar artıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

2013-cü ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri ilkin məlumatlara əsasən, 1977,9 mln. manat təşkil edib ki, bu da cari ilin proqnoz göstəricisindən 37,3 mln. manat və ya 1,9 faiz çoxdur. Bu barədə Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.

Məlumata əsasən, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnozdan 36,4 mln. manat və ya 3,4 faiz yuxarı olmaqla 2012-ci ilin müvafiq dövrünə nisbətən 12,0 faiz və ya 120,4 mln. manat artaraq 1120,8 mln. manat təşkil edib. İcbari dövlət sosial sığorta haqları üzrə daxilolmaların 63,3 faizi və ya 709,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi icbari dövlət sosial sığorta haqlarının məbləği proqnoza nisbətən 104,4 mln. manat və ya 17,3 faiz, əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 15,2 faiz və ya 97,4 mln. manat yuxarı olub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 40,7 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 18,5 faiz artıb.

2013-cü ilin yanvar-sentyabr aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 411 mln. manat təşkil edib. Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 4,9 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

2013-cü ilin yanvar-sentyabr aylarında DSMF-in xərcləri 1890,5 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1847,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 73,0 mln. manat və ya 4,1 faiz çoxdur. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz və ya 70,6 mln. manat artaraq 1803,5 mln. manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2013-cü ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,1 faizlik (2012-ci ilin istehlak qiymətləri indeksinə uyğun), 1 sentyabrından isə baza hissəsinə 15 manatlıq artım tətbiq olunub.

2013-cü ilin yanvar-sentyabr aylarında əhaliyə 44,0 mln. manat məbləğində icbari dövlət sosial sığorta haqqı hesabına müavinət ödənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti