...

Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2013 17:11 (UTC +04:00)
Azərbaycan istehlakçılarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə magistral su xətlərində, anbarlarda, nasosxanalarda təmir-bərpa və yenidənqurma işləri aparılır.
Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Bakı şəhərinin şərq hissəsinin içməli su təchizatında müstəsna əhəmiyyəti olan "+110 Şərq" anbar kompleksində genişmiqyaslı işlər görülür.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinin qəbul edilmiş standartlara uyğunluğunu təmin etmək və fasiləsiz su təchizatı rejiminə nail olmaq üçün "+ 110 Şərq" su anbarı kompleksində hər birinin tutumu 12,5 min kubmetr olan 10 ədəd anbarın istismar vəziyyəti mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra işlərə başlanılıb. İlkin olaraq anbarlar lil çöküntülərindən təmizlənib və ehtiyac olan yerlərdə təmir-bərpa işləri aparılıb, anbarların daxildən izolyasiyası və üst qatının təmiri işləri həyata keçirilib.

Görülmüş tədbirlər nəticəsində anbarlara daxil olan borular da yenilənib, kəmərlərin üzərindəki siyirtmələr müasir tələblərə cavab verən yeniləri ilə əvəz olunub, anbarlardan nasos stansiyasına gedən 1400 mm diametrli kollektorlar tamamilə yenidən qurulub. Bununla da istehlakçıları içməli su ilə təmin edən nasos stansiyasına ötürülən suyun həcmi artırılıb.

İşlərə başlanandan indiyə qədər 4 anbarda əsaslı təmir işləri tam başa çatdırılıb və onlar istismara verilib. Hazırda digər 6 anbarda işlər davam etdirilir. Görülən işlərin nəticəsi olaraq anbardan qidalanan ərazilərdə 24 saatlıq su təchizatına keçməyə imkan yaranacaq.

Xatırladaq ki, bu ilin əvvəlində "+ 69 Şərq" anbar kompleksində əsaslı yenidənqurma və təmir işləri aparılıb. Bu məqsədlə anbarların çıxışında nasosxanaları normal təzyiqli su ilə təmin edən çıxış kollektorları yenilənib. Uzun müddət istismarda olan 700 mm diametrli kollektor 1400 mm diametrli yeni kollektorla əvəz edilibr. Yeni kollektorun istismara verilməsindən sonra buradan "+110 Şərq" anbar kompleksinə, eləcə də şəbəkəyə ötürülən suyun həcminin artırılmasına imkan yaranıb.

Qeyd edək ki, Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "+ 110 Şərq" su anbarı paytaxtın Xətai rayonunu, eləcə də Nizami, Suraxanı və Sabunçu rayonlarının böyük hissəsini içməli su ilə təmin edir. Burada aparılan işlər Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarında indiyə qədər qrafiklə su alan 220 mindən artıq insanın fasiləsiz rejimdə su almasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti