...

Azərbaycan 2016-cı ildən "Yaşıl kart" sistemində işləməyə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2014 15:28 (UTC +04:00)
Azərbaycanın "Yaşıl kart" - nəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyəti sığortası beynəlxalq sistemində üzvlüyü 2016-cı il yanvarın 1-dən aktivləşdiriləcək.
Azərbaycan 2016-cı ildən "Yaşıl kart" sistemində işləməyə başlayacaq

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanın "Yaşıl kart" - nəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyəti sığortası beynəlxalq sistemində üzvlüyü 2016-cı il yanvarın 1-dən aktivləşdiriləcək. Trend-in məlumatına görə, bunu İcbari Sığorta Bürosunun (İSB) Beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Yalçın Müslümov İSB-nin 2013-cü ildəki fəaliyyətinin yekunlarına və 2014-cü ildə vəzifələrinə həsr edilmiş tədbirdə çıxışı zamanı deyib.

Y.Müslümovun sözlərinə görə, Büro Şurası (Beynəlxalq Milli Motor Bürosu Assosiasiyası) Azərbaycanın sistemə qoşulması ilə bağlı ilkin müsbət rəyini verib. Lakin bunun üçün qanunverici baza hazırlanmalıdır. Büro bunu 2014-cü ilin sonunadək həyata keçirməyi planlaşdırır.

O qeyd edib ki, Maliyyə Nazirliyi ölkənin bu sistemə qoşulması üçün hüquqi bazanın yaradılması məqsədi ilə hazırlanmış "İcbari sığorta növləri haqqında" qanuna dəyişikliklərin edilməsi haqqında qanun layihəsi hökumətə təqdim olunub.

Bu dəyişikliklər qəbul edildikdən sonra İSB-nin nizamnaməsində müvafiq düzəlişlərin edilməsi planlaşdırılır.

Qeyd edək ki, "Yaşıl kart" sistemi 1951-ci ildən fəaliyyət göstərir. "Yaşıl kart" sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında sazişdir. Bu sistemə əsasən, "Yaşıl kart" haqqında sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda "Yaşıl kart" sisteminə 46 ölkə - Rusiya, Avropanın bütün ölkələri, İsrail, Mərakeş, Tunis və İran daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti