Azərbaycan, Bakı, 12 mart /Trend/
Martın 12-də İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Pedaqoji Kollecində gənclər üçün "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında növbəti treninq keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə geniş məlumat verilmişdir.
İştirakçılar, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə məlumatlandırılmışlar.
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.