...

Nazir: Azərbaycanla əməkdaşlıq Rusiyanın xarici iqtisadi siyasətinin prioritetlərindəndir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 12:40 (UTC +04:00)
Cənubi Qafqazın daha dinamik inkişaf edən ölkəsi olan Azərbaycanla işgüzar əməkdaşlıq Rusiyanın xarici iqtisadi siyasətinin prioritetlərindən biridir.
Nazir: Azərbaycanla əməkdaşlıq Rusiyanın xarici iqtisadi siyasətinin prioritetlərindəndir

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Emin Əliyev/

Cənubi Qafqazın daha dinamik inkişaf edən ölkəsi olan Azərbaycanla işgüzar əməkdaşlıq Rusiyanın xarici iqtisadi siyasətinin prioritetlərindən biridir. Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bazar ertəsi "Rossiyskaya qazeta"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, iki ölkə arasında azad ticarət rejimi faliyyət göstərir, bir sıra dövlətlərarası və hökunmətlərarası sazişlər imzalanıb: "Bundan başqa, Bakı Rusiya Federasiyasının ayrı-ayrı subyektləri ilə aktiv əlaqələr qurur".

Nazir qeyd edib ki, qarşılıqlı ticarətin inkişafını ləngidən əsas amil logistik və nəqliyyat məhdudiyyətləri, habelə investisiya aktivliyinə mane olan müqavilə-hüquq bazasının təkmilləşdirilməməsidir.

A.Ulyukayev bildirib: "Bakıda danışıqlar zamanı Azərbaycanın iqtisadi və sənaye naziri Şahin Mustafayevlə yüklərin tranzitini artırmaq mexanizmlərini, avtomobil, dəmiryol, aviasiya və dəniz nəqliyyatı ilə kombinasiya edilmiş yüklər barədə ətraflı müzakirə apardıq. Biz Bakı və Olya limanları arasında bərə keçidini qurmalıyıq. Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında xeyli müddətdir bərə əlaqəsi qurulub və tezliklə Rusiya ilə belə nəqliyyat əlaqəsinin yaradılması yükdaşımaları zamanı xərcləri azaldacaq. Hər iki ölkə ərazisində logistik mərkəzlərin tikintisi ayrıca mövzudur. Azərbaycan səhmdarları belə bir logistik mərkəzi Yekaterinqburqda tikməyi planlaşdırır".

Onun sözlərinə görə, qarşılıqlı investisiyaların həcminin artırılması da vacib vəzifələrdən biridir, bunun üçün Rusiya və Azərbaycan qanunvericilik sahəsində bir sıra məsələləri razılaşdırmalıdırlar: "Söhbət, ilk növbədə "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" dövlətlərarası sazişdən gedir. Saziş kapitalların ilk növbədə sənaye, innovativ və yüksək texnoloji layihələrə cəlb edilməsi üçün möhkəm hüquqi əsas olacaq. Bakıda danışıqlar zamanı bu məsələ ilə bağlı xeyli irəliləyiş əldə edilib: sazişin imzalanması bu ilin iyuluna planlaşdırılıb. Sabit hüquqi bazanın formalaşdırılması ilə dövlətlərimiz qarşılqılı investisiyaların həcmini milyardlarla dollara çatdıra bilərlər. Rusiya biznesi Azərbaycanda dəmiryol vaqonları, enerji avadanlığının birgə istehsalı və neft-qaz hasilatı və nəqlinin mexanizmləri imkanlarını nəzərdən keçirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti