...

ÜGT-nin 10-cu Beynəlxalq PICARD Konfransı 2015-ci ildə Bakıda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2014 16:44 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyətinin iştirak etdiyi Meksikanın Puebla şəhərində keçirilən 9-cu beynəlxalq PICARD Konfransı bu gün işini yekunlaşdırıb.
ÜGT-nin 10-cu Beynəlxalq PICARD Konfransı 2015-ci ildə Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyətinin iştirak etdiyi Meksikanın Puebla şəhərində keçirilən 9-cu beynəlxalq PICARD Konfransı bu gün işini yekunlaşdırıb.

DGK-nin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, konfrans işini əsasən aşağıdakı istiqamətlərdə keçirirdi:

1) Beynəlxalq Ticarətin Asanlaşdırılması üzrə ÜTT Sazişi;

2) Beynəlxalq ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin olunmasında gömrük xidmətlərinin rolu;

3) Gömrük xidmətində rəqəmsal sistemə keçid problemləri.

Konfransın açılışında ÜGT-nin baş direktoru cənab Kunio Mikuriya çıxış edərək beynəlxalq ticarətin asanlaşdırılması üzrə ÜGT-nin həyata keçirdiyi layihələr və tədbirlər haqqında geniş məlumat vermişdir. Baş katib eyni zamanda PICARD-ın bu sahədə fəaliyyətini müsbət qiymətləndirmiş və ÜGT-nin bu istiqamətdəki həyata keçirdiyi layihələrə dəstək olaraq daha da təsir dairəsini genişləndirməsini qeyd etmişdir.

Konfransın son günüdə ÜGT Katibliyinin araşdırmalar üzrə fəaliyyəti, ÜGT-nin Tədris və İnkişaf Təşəbbüsünün fəaliyyəti, Amerika və Karib Regionda Potensialın Gücləndirilməsi üzrə Regional Ofisinin fəaliyyəti, beynəlxalq ticarətin asanlaşdırılmasında Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) rolu və PİCARD Məşvərət Qrupunun üzvlərinin yenidən seçilməsi kimi məsələlər müzakirə olunmuşdur.

Konfransda Beynəlxalq Gömrük İnstitutları Şəbəkəsinin katibi cənab Mixail Kaşubskinin təqdimatında 21-23 May 2014-cü ildə Bakı şəhərində keçirilmiş INCU-nun beynəlxalq konfransı haqqında geniş məlumat verilmiş və bu konfransda qəbul edilmiş Bakı Bəyannaməsinin müddəaları açıqlanmışdır. Eyni zamanda təqdimatda xalqımızın mədəniyyətini, adət və ənənələrini özündə əhatə edən konfransın mədəni proqramı haqqında müxtəlif slaydlar göstərilmiş, Komitə sədri Aydın Əliyevə konfransın yüksək səviyyədə təşkil olunması və qonaqpərvərliyə görə INCU rəhbərliyi adından minnətdarlıq bildirilmişdir.

Tədbirin son günündə 10-cu Beynəlxalq PICARD konfransının Azərbaycanda keçirilməsi ÜGT rəsmiləri tərəfindən elan edilmişdir. Bununla əlaqədar olaraq, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev konfransda çıxış etmişdir. Konfrans iştirakçılarına Azərbaycanın mövcud inkişafı, o cümlədən gömrük xidmətinin nailiyyətləri barədə film nümayiş etdirilmişdir.

Konfrans iştirakçıları ÜGT-nin növbəti PICARD Konfransının Azərbaycanda keçirilməsini yüksək məmnuniyyətlə qarşılayaraq növbəti konfransda iştirak etmək arzularını bildirmişlər.

Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ÜGT-nin baş direktoru cənab Kunio Mikuriya ilə işçi qaydada görüş keçirmiş və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

Tədbir və görüşlərdə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti